Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada Bakıya gələcək
Aprelin 26-da Bakıda Azərbaycan Memarlıq ve İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi keçiriləcək.
1news.az xəbər verir ki, konqresdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən olan nüfuzlu alimlər iştirak edəcəklər.
Konqresin plenar iclasında dünyanın qabaqcıl elm adamları ilə yanaşı, Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada iştirak edəcək. Akira Wada plenar iclasda “Seysmik İzolyasiya Yastıqları və Sönüm Cihazları üçün Yeni Yüksək Performanslı Dinamik Sınaq Təsisi” mövzusunda məruzə ilə çıxış edəcək.
Bundan əlavə, konqresdə ABŞ-nın Arizona Universitetinin professoru Tribikram Kundu “Qeyri-dağıdıcı sınaq və Struktur Sağlamlığa Nəzarət Texnologiyasında Son Nailiyyətlər”, AzMİU-nun professoru, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə “Yeni Struktur Seysmik İzolyasiya Sistemi” mövzusunda məruzə ilə çıxış edəcəklər. Bundan əlavə, Kanada British Kolumbiya Universitetinin professoru, zəlzələ araşdırma mərkəzinin direktoru Carlos E. Ventura, Türkiyənin Boğaziçi Universitetinin fəxri professoru Mustafa Erdik, İtalya Casaccia Araşdırma Mərkəzinin direktoru, professor Paulo Clemente, Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Haluk Sucuoğlu və digər nüfuzlu alimlər də məruzə ilə çıxış edəcəklər.