Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı: Şuşa Bəyannaməsi və regional təhlükəsizlik | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı: Şuşa Bəyannaməsi və regional təhlükəsizlik

16:10 - 13 / 05 / 2023
Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı: Şuşa Bəyannaməsi və regional təhlükəsizlik

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb olmuşdur.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

1news.az Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzinin” rəhbəri, professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı: Şuşa Bəyannaməsi və regional təhlükəsizlik” adlı məqaləsini təqdim edir.

Azərbaycan-Türkiyə həmrəyliyi və regional təhlükəsizlik

Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020” təlimlərini göstərmək olar. Bununla yanaşı, Bakıda 2014-cü ildə “ADEX-2014, 2016-cı ildə “ADEX-2016”, 2018-ci ildə “ADEX-2018” və İstanbulda 2017-ci ildə “IDEF-2017”, 2019-cu ildə “IDEF-2019” və 2021-ci ildə “IDEF - 2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan vermişdir.

Bütün bunların davamı olaraq Türkiyənin Qars şəhərində Azərbaycanla birgə keçirilən və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir. Həmçinin, Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur.
Bu baxımdan 2020-ci il iyul ayının sonundan Azərbaycanda başlayan genişmiqyaslı Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmişdi. Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi olmuşdur.
Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, hələ 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təcavüzü nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını bildirərək demişdir: “Heç şübhəsiz, bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik... Ermənistanın Azərbaycana qarşı hücumları zamanı azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq. Türkiyə qardaş Azərbaycana sona qədər öz dəstəyini verəcək”.
Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi: “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik”.
Azərbaycan və Türkiyənin dövlət başçılarının bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, biz bunun Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və Türkiyənin dövlət başçılarının qətiyyətli və prinsipial mövqeyi, eləcə də Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin vahid media platformasından çıxış edərək dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahidi olduq.
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradı keçirildi. Daha sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan - Türkiyə arasında 5 mühüm sənədin imzalanması mərasimi oldu. Bunun ardınca Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında vurğuladılar ki, hər zaman hər iki dövlət bütün məsələlərdə bir yerdə olmuş, eyni mövqedən çıxış edərək bir-birinin yanında olmuşlar. Qarabağ məsələsinin hər zaman Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdırmış və ölkəmizin haqlı mübarizəsini qətiyyətlə müdafiə edərək deyib: “Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırdılar”.
Azərbaycan Prezidenti İlham Əliyev hər iki dost, qardaş dövlətin bütün zamanlarda bir-birinin yanında olduğunu diqqətə çatdıraraq bildirib: “Biz uzun illər sürən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”.

Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti

2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.

Mühüm tarixi və siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlmiş və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.
Müttəfiqlik münasibətləri haqqında Bəyannamənin əvvəlində Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində iki qardaş dövlətin prezidentlərinin görüşünün mühüm əhəmiyyəti vurğulanır, 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin bu tarixi sənəddə 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin rəhbər tutulduğu bildirilir.
Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa şəhərində 100 ildən sonra imzalanan müttəfiqlik haqqında birgə Bəyannamədə iki qardaş və dost dövlətin gələcək çoxşaxəli, birgə fəaliyyət istiqamətləri göstərilir. Bu tarixi sənəddə bir çox mühüm məsələlər, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, xüsusilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğuladılar.
Sənəddə göstərilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.
Bununla yanaşı, sənəddə xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir və bu istiqamətdə iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti vurğulanır.
Bununla yanaşı, bildirilir ki, hər iki dövlət müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər. Eyni zamanda, göstərilir ki, tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.
Sənəddə Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğu vurğulanaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səyləri qətiyyətlə dəstəklənir.
Həmçinin Şuşa Bəyannaməsində siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Sənəddə həm tarixi, həm siyasi, həm də hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyətin əks olunması hər iki dövlətin milli maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Prezident İlham Əliyev 2021-ci il avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsində bildirdi ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur və əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur, eləcə də bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.
Son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasətin formalaşdırıldığını və xüsusilə Şuşa Bəyannaməsinin bunun zirvəsi olduğunu, əlaqələrimizin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdıran dövlətimizin başçısı demişdir: “Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzalayıb. Eyni zamanda, Bəyannamə 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.
Dövlətimizin başçısı İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Bununla da Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yüksək mərhələsi

2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Bununla yanaşı, həmin gün hər iki qardaş dövlətin prezidentləri əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Eyni zamanda, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olduqdan sonra Ağalı kəndində hər iki dövlətin prezidentləri mətbuata birgə bəyanatlarla çıxış etdilər.

Azərbaycan Prezidenti bildirdi ki, işğaldan azad edildikdən sonra həm Şuşada, həm də Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, atılan birgə addımlar tarixdə əbədi qalacaq, həmçinin bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.
İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dövlətimizin başçısı qeyd etdi ki, qardaş Türkiyənin dövlət başçısı ilk saatlarda Azərbaycana dəstək göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Azərbaycan Prezidenti bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə açılış mərasimlərində də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.
Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu gün regional məsələlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilmiş, həmçinin dünyada böyük gücə malik Türkiyəyə heç kim öz iradəsini diktə edə bilməz.
2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərək dedi: “Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi ilə Azərbaycanın bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdiyini bildirən Türkiyə Prezidenti diqqətə çatdırdı ki, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur və Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılmışdır.
2022-ci il mayın 28-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak etdilər.
Türkiyə Prezidenti diqqətə çatdırdı ki, diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. Həmçinin 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuş, Qarabağ Zəfəri isə millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir.
Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındayıq. “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu bölüşdüyünü bildirən Türkiyənin dövlət başçısı bu festivalın Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platforma olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik. 2023-cü il aprelin 29-da dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdilər.
Ümumiyyətlə, təhlil onu söyləməyə əsas verir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu qlobal layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda, ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

Paylaş:
727

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər