ETX vətəndaşlara “Telegram” vasitəsilə göndərilən saxta keçidlər barədə xəbərdarlıq edir
Son günlər “Telegram” vasitəsilə vətəndaşlara müxtəlif profillər adından saxta keçidlər göndərilir.
1news.az xəbər verir ki, həmin keçidə daxil olduqdan sonra vətəndaşdan “Telegram”da qeydiyyatdan keçərkən istifadə etdiyi mobil nömrəsini daxil etməsi tələb olunur. Daha sonra vətəndaşa təsdiqləmə kodu göndərilir. Vətəndaş təsdiqləmə kodunu daxil etdikdən sonra onun “Telegram” hesabı və yazışmaları ələ keçirilir. Həmçinin ələ keçirilmiş hesabdan bot kimi istifadə edilərək həmin istifadəçi adından bu mesaj avtomatik olaraq onun “Telegram” istifadəçisi olan əlaqələrinə göndərilir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları belə mesajlara etimad etməməyə çağırır. Vətəndaşlara tövsiyə edilir ki, hər hansı qurum adından bu kimi mesajlar aldıqda, ilk növbədə, əlaqədar qurum vasitəsilə məlumatı dəqiqləşdirsinlər.
Həmçinin vətəndaşlara şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını daxil etməmək, onlara göndərilən təsdiqləmə kodunu qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.