“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb
“Yüksəliş” müsabiqəsinin 3 gün davam edən yarımfinal mərhələsi yekunlaşıb.
1news.az-a xəbər verir ki, yarımfinal mərhələsinin bağlanış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirakçılara nümayiş etdirdikləri maraqlı mübarizə üçün təşəkkür edib, onlara uğurlar arzulayıb.
“Bakı Ekspo Mərkəzi”ndə baş tutan yarımfinal mərhələsində müsabiqənin öncəki mərhələlərini uğurla geridə qoyan iştirakçılardan 333 nəfəri finalçı olmaq uğrunda mübarizə aparıb.
İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilib. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir.
Namizədlərin səriştələrinin qiymətləndirilməsi onlara verilən tapşırıqlara yanaşmanın təhlili üzrə aparılır. İştirakçılara təqdim edilən keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanaraq Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir.
Yarımfinal mərhələsinin nəticələri növbəti 3-5 iş günü ərzində açıqlanacaq. Mərhələni uğurla başa vuran iştirakçıları qarşıda final mərhələsi gözləyir. Qeyd edək ki, 100-ə yaxın iştirakçı final mərhələsinə keçid haqqı qazanacaq. Müsabiqənin final mərhələsi 15-16 iyul tarixlərində baş tutacaq. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Qeyd edək ki, fevralın 17-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 13474 iştirakçı müraciət edib. “Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.