“Azərbaycan geosiyasi mərkəzlərin mandatı altında danışıqlardan boyun qaçırmalıdır” - ŞƏRH
Bir tərəfdən sülh haqqında danışan rəsmi İrəvan, ötən günlərdə Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib.
Erməni tərəfinin iddiasına görə, Qarabağda mülki əhalinin vəziyyəti ağırdır, orada guya, humanitar böhran yaşanır. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın yazdığı məktubda qeyd edib ki, guya, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı aqressiv davranır, onları “blokada”da saxlayır. Onların məntiqi ilə Azərbaycan Laçın dəhlizini açmalı və Ermənistandan Qarabağa maneəsiz yüklərin daşınmasına imkan verməlidir.
Məsələ ilə bağlı 1news.az-a açıqlamasında politoloq İlyas Hüseynov Ermənistanın Azərbaycanla razılaşdırmadan ölkə sərhəddinə tırları cəlb etməsinin sonrakı prosesləri daha da çətinləşdirdiyini vurğulayıb:
“Ermənistan Xarici İşlər Nazirliyi uzun müddətdir ki, beynəlxalq təşkilatlara şikayət edərək Azərbaycana qarşı ciddi böhtan xarakterli, heç bir əsası olmayan iddialar səsləndirirlər. Bununla Ermənistan tərəfi çalışır ki, Azərbaycana qarşı mənfi fikir formalaşdırsınlar, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə qarşı guya blokada həyata keçirildiyi təəssüratını yaratmağa çalışırlar. Bununla da ölkəmizə qarşı iqtisadi sanksiyaların tətbiq olunmasını istəyirlər, həmçinin Laçın yolunun xüsusi statusa malik olması beynəlxalq sənədlərdə təsbit olunsun. Reallıq isə tamam başqadır. Reallıq ondan ibarətdir ki, Laçın yolu vasitəsilə Qarabağdan Ermənistana və əks istiqamətə açıq, şəffaf keçid təmin olunur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri hərəkət edir və eyni zamanda sərhəd-buraxılış məntəqəsi təhlükəsizlik aspektindən qurulub, çünki 3 il ərzində bu yol vasitəsilə silah-sursat, minalar, diversantlar Azərbaycan ərazisinə daşınırdı. Bu da təhlükəsizliyə təhdid yaradırdı”.
Politoloq qeyd edir ki, digər tərəfdən Ermənistan məsələni BMT-yə qaldırmaq cəhdini etməkdədir:
“Qarabağla bağlı vəziyyətdən dolayı fövqəladə iclas çağırılacaq. Düşünürəm ki, ölkəmizə qarşı hər hansı bir qətnamə qəbul olunmayacaq. Çünki Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ardıcıl olaraq BMT-nin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinə zəng edərək Azərbaycana qarşı əsassız iddialar səsdirir. Bu telefon danışıqlarında Azərbaycan pislənir, Azərbaycandan şikayət olunur, guya biz regionda sabitliyi pozaraq, fəlakət törədirik. Bu cür yalan tezislər irəli sürülür. Reallıq isə tamam başqa məcradadır. Əgər ölkəmizə qarşı hər hansı qətnamə qəbul edilərsə və bu qətnaməyə səs verən dövlətlərin siyahısını nəzərdən keçirəndən sonra Azərbaycan önəmli addımlar atmalıdır. Azərbaycan geosiyasi mərkəzlərin mandatı altında danışıqlardan boyun qaçırmalıdır”.