Jurnalistlər üçün tikilən 3-cü bina şəhid ailələri və qazilərə veriləcək
Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub.
1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
Qeyd edək ki, adıçəkilən binanın jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tikildiyi bildirilirdi.
Xatırladaq ki, bundan əvvəl Bakının Bibiheybət qəsəbəsində jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün iki bina istifadəyə verilib. 2013-cü ildə istifadəyə verilən ilk bina 156 mənzildən ibarət olub, 256 mənzildən ibarət olan bina isə 2017-ci ilin iyulunda sahiblərinə verilib.