Almaniyadakı diaspor fəalı ABŞ dövlət katibinin köməkçisinə etiraz edib | 1news.az | Xəbərlər
Siyasət

Almaniyadakı diaspor fəalı ABŞ dövlət katibinin köməkçisinə etiraz edib

13:14 - 22 / 11 / 2023
Almaniyadakı diaspor fəalı ABŞ dövlət katibinin köməkçisinə etiraz edib

Almaniyada yaşayan diaspor fəalı, beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayna etiraz məktubu ünvanlayıb.

Diasporla İş Üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, buna səbəb amerikalı diplomatın ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində keçirilmiş dinləmələr zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamlar olub. Ermənistanın 30 illik işğalı dövründə ABŞ-ın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətsiz qaldığını vurğulayan diaspor fəalı Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq Qarabağı işğaldan azad etməsindən sonra ABŞ və Fransanın nümayiş etdirdiyi davranışı pisləyib. Sülh, demokratiya və insan haqlarından danışan amerikalı məmur və siyasətçilərin erməni separatizmini və işğalçı Ermənistanı dəstəkləməsi rüsvayçı hal kimi qiymətləndirilib, erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na əlavə edilən 907-ci düzəlişin qəbulunu Amerika tarixinə ləkə adlandırıb.

“Siz 30 il müddətində Ermənistana “işğal etdiyin Azərbaycan torpaqlarından çıxmalısan” sözünü deməmisiniz. Münaqişənin dondurulmasının və Azərbaycanın bu işğalla barışmasının tərəfdarı olmusunuz. Əgər ədalətli mövge sərgiləsəydiniz, Qarabağ məsələsi çoxdan həll olunmuşdu. Dünyanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı ABŞ-la birgə mübarizə aparır. Amma Qarabağ məsələsinə gəldikdə, ikili standartlarla oyun oynanıldığını görürük”, – deyə A.Əsgər qeyd edib.

Diaspor fəalı xatırladıb ki, maraqlar tələb edəndə ABŞ İranın digər ölkələrdə dondurulan vəsaitinin blokdan çıxarılması ilə əlaqədar razılaşma elan edir, amma Zəngəzur dəhlizinin açılmasına Ermənistanın razı olmaması səbəbindən (halbuki bu, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamədə əksini tapıb) Azərbaycan öz qonşusu İranla dəhliz layihəsindən danışanda, buna güclü təzyiq göstərilir: “Müdafiə etdiyiniz işğalçı Ermənistanın ən yaxın dostu İrandır. Nə üçün siz bir dəfə də olsun, Ermənistana İranla qurulacaq əlaqələrin uğursuz olacağı haqda xəbərdarlıq etməmisiniz?”

Sülhsevər Azərbacanın heç vaxt başqa dövlətin ərazisini işğal etmədiyini, beynəlxalq hüquqa əsasən öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa etdiyini, regionda normallaşma prosesinin bərqərar olmasını və bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını istədiyi bir daha diqqətə çatdırılıb: “Əgər siz, cənab Ceyms O’Brayn, həqiqətən Cənubi Qafqaz regionunda sülhün bərpa olunmasını istəyirsinizsə, Ermənistana sülh sözündən manipulyasiya etməməyi anladın. Amerika və Avropa da bilməlidir ki, Qarabağ Azərbaycandır!”

Paylaş:
427

Son xəbərlər

Bütün xəbərlər