Xırdalanda narkotik satan şəxsdən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib
Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili işlər Nazilriyindən (DİN) məlumat verilib.
Qeyd edilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Rövşən İbrahimov saxlanılıb.
Onun üzərinə və idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 890 ədəd psixotrop tərkibli metadon həbi və 75 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb. R.İbrahimov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.