Sevinc Fətəliyeva: Prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək İlham Əliyevə inam və etimadını bir daha təsdiqlədi
“Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək cənab İlham Əliyevə inam və etimadını bir daha təsdiqlədi.
Tariximizə Zəfər seçkisi kimi düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan, xalqımıza Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyev oldu. Bununla da, müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən ətraflı bəhs etdi”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası dayanır. Bu tarixi nailiyyətə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inam sayəsində nail olundu. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik. Ermənistanın havadarlarının pozuculuq fəaliyyəti isə bundan sonra da fiaskoya uğrayacaq. Prezident İlham Əliyevin “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” sözləri Ermənistana və onun havadarlarına konkret mesaj oldu.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Biz müttəfiqlərimizi özümüz seçirik. 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkib. Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında yüksək fəallığı diqqəti cəlb edir. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Respublikamız 2011-ci ildə isə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu oldu və qurumun nüfuzunu, funksionallığını əhəmiyyətli dərəcədə artırdı. Dünya birliyinin BMT-nin ən genişmiqyaslı tədbirlərindən sayılan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq səviyyədə ölkəmizə inamın artmasının daha bir ifadəsidir. Ölkəmiz mühüm ekoloji çağırışların, yaşıl enerji gündəliyinin müzakirə olunacağı bu tədbirə də yüksək səviyyədə ev sahibliyi etmək əzmindədir. Artıq cari ilin ikinci yarısında baş tutacaq tədbirə hazırlıq proseslərinə başlanıb və tədbirlər planı uğurla reallaşdırılır.
Sevinc Fətəliyeva qeyd edib ki, yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Bunula bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizi başçısı andiçmə mərasimindəki nitqində açıq danışıb. Bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Beləliklə, qarşıdakı dövrü üçün xarici siyasətimizin yeni hədəfləri var. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə bu hədəflərə çatacaq!