Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”

Qafar Ağayev14:21 - 15 / 04 / 2024
Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”

“Son vaxtlar Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatlarını artırır”.

Bu fikirləri 1news.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Təkcə aprelin 5-də Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri, ümumilikdə, 30 dəfə atəşə tutulmuşdu. Sonrakı günlərdə də erməni tərəfi təxribatlarını davam etdirib. Nəzərə alaq ki, erməni tərəfinin bu hərbi təxribatları aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşünün keçirilməsi ərəfəsində və görüşdən sonra baş verib. Əlbəttə ki, bu, təsadüfi deyil, Brüssel görüşünün “nəticəsidir””.

Deputat deyib ki,burada Fransanın “rolu” istisna deyil.

“Bu fakt üçlü görüşün Cənubi Qafqazda gərginliyin yaradılmasına səbəb olması ilə bağlı Azərbaycanın narahatlığı öz təsdiqini tapır”.

Deputat bildirib ki, Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, erməni tərəfi bu davranışları ilə sülhə maraqlı olmadığını nümayiş etdirir. Əslində, belə təxribatların törədilməsi gözlənilən idi. Çünki Fransa Avropa İttifaqında əsas söz sahiblərindən biridir və Parisin diqtəsi ilə Ermənistanın təxribatlara əl atması təəccüblü görünməməlidir. Xatırladaq ki, hələ sözügedən görüşdən bir neçə gün öncədən Ermənistan şərti sərhədə ağır texnika və canlı qüvvə toplamağa başlamışdı. Lakin onlar heç kimə güvənməməlidir. Ermənistan 2020-ci ildən etibarən baş verən hadisələri, təxribatlar törətdikdən sonra başına gələnləri unutmamalıdır. Yəni, həmin təcrübələr qarşı tərəf üçün dərs olmalıdır.

Fransanın Ermənistanı silahlandırdığını xatırladan Sevinc Fətəliyeva qeyd edib ki, bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir. Məqsəd bölgədə yeni müharibəni alovlandırmaqdır. Bununla da, Fransa Ermənistana dəstək bəhanəsi ilə regiona daxil olmağa çalışır. Ona görə də, rəsmi Paris bəzi beynəlxalq aktorları da prosesə gəlb etməyə cəhd göstərir.

“Azərbaycan tezliklə Ermənistanla sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Ona görə də, rəsmi İrəvan Qərbdəki havadarlarına, xüsusilə Fransaya güvənməməlidir”,-deyə deputat vurğulayıb.

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər