Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi
Baş Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərə qısamüddətli mühafizə orderinin verilməsi qaydası barədə məlumat açıqlayıb.
Qurumdan 1news.az-a daxil olan məlumatda bildirilib ki, məişət zorakılığı (fiziki, psixi, cinsi, iqtisadi xarakterli) törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyətlər tətbiq oluna bilər. Bu məhdudiyyətlərin əks olunduğu sənəd (akt) mühafizə orderi adlanır.
Məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər:
1. məişət zorakılığının təkrar törədilməsi;
2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarılması;
3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Qısamüddətli mühafizə orderinin verilməsi
Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
Yerli icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.
Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya yerli icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.