Bu şəxslər 2 min manat cərimə ediləcək
Qanunsuz parklanma yerlərini təşkil edənlər, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edənlər 2 min manatadək cərimə olunacaq.
1news.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra sənəd ssəverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.