Avropa İttifaqının Ermənistanı silahlandırması nə ilə nəticələnə bilər? - ŞƏRH
“Avropa İttifaqının Ermənistanla təhlükəsizlik münasibətlərini istiləşdirməsi regionda Qərblə qarşıdurmada olan Rusiyanın strateji sinir nöqtələrinə toxunur”.
Bunu 1news.az-a Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə ayırdığı 10 milyon avroluq yardım paketi ilə bağlı açıqlamasında politoloq Aqşin Kərimov deyib.
O bildirib ki, Ermənistanın arsenalını Rusiya silahlarından təmizləyib Qərb silahları ilə əvəzləməsi Moskvanın regiondakı iştirakına qarşı ciddi siqnaldır.
"Proses Avropa İttifaqı missiyasının möhkəmlənməsi fonunda Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına doğru qərarların verilməsinə aparır. Rəsmi məlumatdan göründüyü kimi, pərdəarxasında Ermənistan mümkün hərbi əməliyyatlara hazırlaşdırılır”.
A.Kərimovun sözlərinə bu halda Azərbaycan Rusiya ilə Ermənistan arasında başlana biləcək mümkün təhlükəli qarşıdurmanı yönləndirmək, regionda öz maraqlarına qarşı təhlükələri minimallaşdırmaqdan ötrü İrəvana qarşı təzyiq kampaniyasının hərbi elementlərini nümayiş etdirə bilər.
“Yəni Avropa İttifaqından ayrılan pullar sərhəddə Azərbaycana qarşı silah səslərinə çevrilsə, Bakı ümimi təhlükəsizlik və müdafiə siyasəti aparatını işə salaraq atəş nöqtələrini susdurmaq qərarlarını verəcək. Hadisələrin Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsirləri qaçılmazdır, lakin bunun danışıqları dayandırmaqla nəticələnəcəyini söyləmək olmaz. Nikol Paşinyanın İlham Əliyevlə Londonda nəzərdə tutulan görüş reqlamentindən qaçması Böyük Britaniyanın Cənubi Qafqazda Ermənistana dəstək olan Fransaya qarşı arxa kanallarda təzyiqlərini artıracaq. Çünki Avropa İttifaqından ayrılan yardım Fransanın xeyir-duası ilə mümkün olub və Paris regionda həm də Londonun maraqları ilə rəqabət aparır”, - deyə A.Kərimov əlavə edib.
Qeyd edək ki, Avropa İttifaqının rəsmi məlumatında bildirilir ki, Avropa Sülh Fondundan ayrılan yardım Ermənistan ordusunu maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Dəstək paketi həmçinin Ermənistanın mümkün əməliyyatlarda iştirakı halında onunla Avropa İttifaqının bu ölkədə yerləşdirilmiş missiyası arasında qarşılıqlı fəaliyyəti sürətləndirmək və Ermənistanın dayanıqlılığını artırmaq məqsədi daşıyır.