Bislan Rasayev və Şamil Temirxanov Komil Allamjonova sui-qəsd cəhdi ilə əlaqədar axtarışa veriliblər | 1news.az | Xəbərlər
Dünya

Bislan Rasayev və Şamil Temirxanov Komil Allamjonova sui-qəsd cəhdi ilə əlaqədar axtarışa veriliblər

19:09 - 20 / 12 / 2024
Bislan Rasayev və Şamil Temirxanov Komil Allamjonova sui-qəsd cəhdi ilə əlaqədar axtarışa veriliblər

Özbəkistan Çeçenistanın iki vətəndaşını - Bislan Rasayev (36 yaş) və Şamil Temirxanovu (31 yaş) İnterpol vasitəsilə beynəlxalq axtarışa verib. Onlar Özbəkistan Prezidenti Administrasiyasının İnformasiya Siyasəti Departamentinin keçmiş rəhbəri Komil Allamjanova qarşı törədilmiş sui-qəsd cəhdində şübhəli bilinirlər.

B.Rasayev və Ş.Temirhanov Özbəkistan ərazisinə fərqli marşrutlarla gəliblər: onlardan biri Özbəkistan-Qırğızıstan sərhədini qanunsuz keçib, digəri ölkəyə "Dostlık" sərhəd-buraxılış məntəqəsindən daxil olub. İstintaq orqanlarının məlumatına görə, hər iki şəxs sifarişçilərin göstərişi ilə hərəkət edib. Onlara Allamjonovun və Perspektivli Layihələr üzrə Milli Agentliyin (PLMA) rəhbəri Dmitri Linin qətlinə görə 1,5 milyon ABŞ dolları təklif edilib.

Rasayev və Temirhanova qarşı aşağıdakı ittihamlar irəli sürülüb:

• Dövlət sərhəddini qanunsuz olaraq keçmə (Özbəkistan Cinayət Məcəlləsinin 223-cü maddəsi) - bu ittiham Rasayevə qarşı irəli sürülüb. İstintaqın versiyasına görə, o, əlbir olduğu yerli şəxslərin köməyi ilə Qırğızıstanla sərhədi qanunsuz keçib.

• Qaçaqmalçılıq (ÖR CM-in 246-cı maddəsi) - Rasayevin cinayətə hazırlıq zamanı istifadə edilə biləcək malların və ya əşyaların qanunsuz daşınmasında iştirak etdiyi güman edilir.

• Qanunsuz silah saxlanması və dövriyyəsi (ÖR CM-in 248-ci maddəsi) - istintaq iddia edir ki, şübhəli şəxslərin sui-qəsd üçün istifadə etməyi planlaşdırdıqları silahları olub.

• Cinayət barəsində xəbər verməmə və ya cinayəti gizlətmə (ÖR CM-in 241-ci maddəsi) - hər iki şəxs təkcə hazırlanan cinayət barəsində məlumat verməməkdə deyil, həm də onun təşkilində iştirak etməkdə ittiham olunur.

Xatırladaq ki, hadisə oktyabrın 26-na keçən gecə Daşkənd vilayətinin Kibray rayonunda baş verib. İki nəfər naməlum şəxs K.Allamjanovun içində olduğu yolsuzluq avtomobilini atəşə tutub və hadisə yeridən qaçıb. Atışma faktı ilə bağlı Özbəkistan Cinayət Məcəlləsinin 25-ci (“Cinayətə hazırlıq və cinayətə cəhd”) və 97-ci (“Qəsdən adam öldürmə”) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Komil Allamjanov 2017-2018-ci illərdə Özbəkistan Prezidentinin mətbuat katibi olub, daha sonra İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinə rəhbərlik edib. 2022-ci ildə o, Prezident Administrasiyasına qayıdıb, 2023-cü ilin sentyabrında isə özəl sektorda fəaliyyət göstərmək planlarını açıqlayaraq İnformasiya Siyasəti Departamentinin rəhbəri vəzifəsindən istefa verib.

Hadisə ilə əlaqədar Özbəkistan hüquq-mühafizə orqanlarının bəzi vəzifəli şəxsləri, o cümlədən Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri vəzifəsindən azad edilib.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər