Kennedi sui-qəsdi sənədləri açıqlanacaq - Trampdan qərar
ABŞ Prezidenti Tramp Ağ Evdə təşkil etdiyi imza mərasimində Con Kennedi (John F. Kennedy), sui-qəsdi ilə bağlı sənədlərin məxfiliyini aradan qaldıracaq addım atıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp, seçki dövründə verdiyi vədə əməl edərək, Kennedi sui-qəsdi ilə bağlı indiyədək məxfi qalan sənədlərin ictimaiyyətə açıqlanmasını nəzərdə tutan prezident fərmanını imzaladı.
Trampın imzaladığı prezident fərmanı, Kennedi sui-qəsdi ilə yanaşı onun qardaşı Robert F. Kennedi və Martin Lüter Kinq sui-qəsdləri ilə bağlı bütün sənədlərin də ictimaiyyətə açıqlanmasını nəzərdə tutur.
Xatırladaq ki, ABŞ-nin 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb.
O, avtomobil kortejində gedərkən Lee Harvey Oswald adlı şəxs tərəfindən açılan güllə ilə vurularaq həyatını itirib. Kennedinin ölümü dünya tarixində ən çox müzakirə edilən siyasi sui-qəsdlərdən biri olmuş və bu hadisə ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.