Deputat: USAİD-in maliyyə dəstəyi ilə müxtəlif ölkələrdə daxili problemlərin yaradılması barədə faktlar var | 1news.az | Xəbərlər
Siyasət

Deputat: USAİD-in maliyyə dəstəyi ilə müxtəlif ölkələrdə daxili problemlərin yaradılması barədə faktlar var

Qafar Ağayev17:57 - Bu gün
Deputat: USAİD-in maliyyə dəstəyi ilə müxtəlif ölkələrdə daxili problemlərin yaradılması barədə faktlar var

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması və ya ləğvi bu ölkənin daxili işidir. USAID yeni Prezident Donald Trampın federal hökumətdə islahatlar aparmaq səyləri fonunda bağlanmaqla üz-üzə qalıb”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb.

Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb. Bu qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycanda qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyur, əsassız iddialar irəli sürürlər. Onların sırasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi də var. Bu təşkilat son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir, Ermənistana isə “sevgisini” daha da artırıb. Son bir neçə ildə USAID-in rəhbər şəxslərinin bu ölkəyə davamlı səfər etməsi və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübut edir. Ötən il qurumun Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunmuşdu. Digər tərəfdən, dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra USAİD rəsmiləri Azərbaycana qarşı əsassız iddialarla çıxış ediblər. Onların ölkəmiz əleyhinə səsləndirdikləri iddialar separatizmin və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey olmayıb.

“Bütövlükdə, USAİD-in maliyyə dəstəyi ilə müxtəlif ölkələrdə daxili problemlərin yaradılması barədə kifayət qədər faktlar mövcuddur. Azərbaycan ictimaiyyətinə də bütün bunlar yaxşı məlumdur. Ona görə də, ölkəmizdə bu qurumun müsbət imici yoxdur. Bütün hallarda isə təşkilatın ləğv edilib-edilməməsi ABŞ-ın daxili işidir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər