Könül Nurullayeva: Ermənistan təhlükəli “sülh oyunu” oynayır | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: Ermənistan təhlükəli “sülh oyunu” oynayır

12:43 - Bu gün
Könül Nurullayeva: Ermənistan təhlükəli “sülh oyunu” oynayır

"Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-dən əliboş qayıtdı".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O, bildirib ki, Paşinyanın yeni prezident Donald Trampla görüş arzusu reallaşmadı.

"Çünki Ermənistan Tramp administrasiyası üçün əhəmiyyətli partnyor deyil. Bayden Administrasiyası Ermənistandan alət kimi istifadə edərək, hər nə qədər strateji müttəfiqlik xartiyası imzalasa da bunun perspektivinə ümidlər azdır. Avropa İttifaqının məlum təxribatçı missiyasının müddətinin daha 2 il uzadılması Paşinyanda müəyyən ümidlər yaratsa da okeanın o tayından lazımi dəstək hələ ki, görünmür. Bu səbədən ABŞ-dən əliboş qayıdan Paşinyan Fransaya üz tutdu. Mətbuat səfərin Parisdə başlayan süni intellektin inkişafına həsr olunmuş sammitdə iştirak etmək məqsədi daşıdığını yazsa da, Ermənistanın süni zəka ilə bağlı kasad təcrübəsi başqa səbəblər üzərində dayanmağa zəmin yaradır. Bu hadisələr fonunda Ermənistanın müharibəyə hazırlaşması ilə məlumatlar da artıb. Artıq 26 ədəd “Bastion” zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdıran Fransa onları yaxın günlərdə “kiçik bacı”sına tədarük edəcək. İlin sonuna qədər öldürücü silahların tədarükü davam edəcək".
"Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti də Hindistana səfər edib" - deyə deputat əlavə edib:

"Silah sərgisi çərçivəsində baş tutan səfər zamanı yeni sifarişlərin olacağı istisna edilmir. Hindistan da Ermənistana silah satan ölkədir və son 1 ildə İrəvan Dehlidən 600 milyon dollarlıq silah alıb. Ermənistan mətbuatı da etiraf edir ki, “Hindistanla əməkdaşlıq yalnız həmin ölkədən alınan silahlar və Ermənistana gələn hindistanlı əmək miqrantları ilə məhdudlaşır. Ortaq təşəbbüslər, iqtisadi layihələr yoxdur".

K.Nurullayeva qeyd edib ki, Paşinyanın sözləri ilə əməlləri üst-üstə düşmür.

"Ermənistanın baş naziri “Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq. Regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb” söyləsə də onun ölkəsinin davranışları müharibəyə hazırlıq davranışıdır. Bəzi erməni ekspertlər də bu qənaətdədir ki, əslində Ermənistan sülh müqaviləsi adı ilə vaxt uzadır. Əsas məqsəd 44 günlük müharibə və 23 saatlq antiterror əməliyyatlarına cavab vermək, yəni növbəti müharibəyə başlamaqdır.
Fransa Cənubi Qafqaz regionuna öldürücü silahları hansı məqsədlə toplayır, Hindistandan yeni silahlar hansı məqsədlə sifariş edilir? Hər kəsə məlumdur. Hətta Prezident İlham Əliyev də dəfələrlə bununla bağlı Ermənistana və onun havadarlarına xəbərdarlıq edib: “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik". Bu, çox ciddi xəbərdarlıqdır və Ermənistan da, onun havadarları da bundan nəticə çıxarmalıdır" - deputat fikirlərinə əlavə edib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər