Azərbaycan və Çin XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, martın 28-də Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.