Sahibə Qafarovanın növbəti 3 ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik edəcək

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub.
1news.az xəbər verir ki, bu qərar layihəsinin müzakirəsi dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentləri qurumun sədr və müavinlərinin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə böyük dəstək göstəriblər.
Konfransda həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.