Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisinə bu il başlanıla bilər

Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirmə işlərinə başlanılıb. Bu il tikinti işlərinə başlamaq fikrindəyik. Podratçı şirkət seçilib və mobilizasiya işləri davam edir. Bu, Ağdamdan Xankəndiyə qədər uzanan 27-28 kilometrlik dəmir yolu xəttidir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, mövcud dəhliz üzərindən dəmir yolunun layihələndirilməsi davam etdirilir.
“1979-cu ildə Xankəndiyə dəmir yolu xəttinin açılışı olub. Həmin istiqamətdə işləri aparırıq. Yalnız Xankəndi stansiyasının yerləşməsi bir qədər irəli, yəni şəhərin yaxınlığına qədər çəkilib”, - deyə sədrin müşaviri qeyd edib.
Tural Abbaslı onu da əlavə edib ki, Ağdam avtovağzal və dəmir yolu kompleksinin tikintisi tamamlanma mərhələsindədir: “İşlərin növbəti ayın əvvəllərinə tam olaraq bitməsi nəzərdə tutulub. Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birgə çalışdığımız layihədir. Burada şəhərlərarası, rayonlararası marşrutlar və dəmir yolu stansiyası fəaliyyət göstərəcək”.