Komissiya sədri: Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb

Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında Avropa İttifaqının Ermənistandakı Missiyasının, yəni, EUMA-nın statusu ilə bağlı 2023-cü il dekabrın 8-də imzalanan razılaşma sənədinin 5-ci və 6-cı maddələrində Missiyaya, onun əməkdaşlarına verilən imtiyazlardan və immunitetlərdən söz açılır. Məlum olur ki, Missiyaya aid obyektlərdən tutmuş sənədlərə kimi hər bir şey toxunulmaz hesab edilir. Ermənistanın hüquq-mühafizə və ya xüsusi xidmət orqanlarının onlara qarşı hər hansı bir hərəkəti qadağan olunur.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri deputat Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirəsində səsləndirib.
O bildirib ki, razılaşmaya əsasən, Missiyanın əməkdaşları heç bir halda həbs oluna və ya saxlanıla bilməz, Ermənistanın cinayət yurisdiksiyasından bütün hallarda toxunulmazlığa malikdirlər. Eyni zamanda, onlar fəaliyyətləri ilə bağlı dedikləri və ya yazdıqları fikirlərə görə mülki və inzibati məsuliyyətdən azad olunurlar, şahid qismində ifadə vermək məcburiyyətində deyillər. Ermənistan ərazisində onlar barəsində cinayət hüquqi və intizam tədbirlərini yalnız vətəndaşı olduqları ölkənin müvafiq qurumları həyata keçirə bilər. Sənədin 11-ci maddəsində göstərilir ki, Ermənistan rəsmiləri EUMA və personalı ilə tam əməkdaşlıq etməli, onları dəstəkləməlidirlər. Onlara istənildiyi və ya zəruri hallarda lazım olan obyektlərə, ərazilərə və rəsmi nəqliyyat vasitələrinə, habelə sənədlərə, materiallara və məlumatlara effektiv girişi təmin etməlidirlər. On üçüncü maddəyə görə isə vəfat etmiş EUMA əməkdaşının ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun meyitinin göndərən ölkənin razılığı, EUMA və ya həmin ölkənin nümayəndəsinin iştirakı olmadan yarılması qadağandır.
“Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının qənaətinə görə, Missiya və əməkdaşlarına bu cür imtiyaz və immunitetin verilməsi onlara Ermənistan daxilində kəşfiyyat və casus fəaliyyəti ilə rahat məşğul olmaları üçün əlavə şərait yaradır. Bu toxunulmazlıq hüququ EUMA əməkdaşına məsuliyyətə cəlb olunmadan ölkəni tərk etmək imkanı verir”, - deyə Ramid Namazov əlavə edib.