Sevinc Fətəliyeva: “Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin yaxınlaşdırılması istiqamətində siyasət aparır” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin yaxınlaşdırılması istiqamətində siyasət aparır”

17:55 - 29 / 04 / 2025
Sevinc Fətəliyeva: “Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin yaxınlaşdırılması istiqamətində siyasət aparır”

“Bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri, o cümlədən, beynəlxalq təşkilatlar ilə geniş ikitərəfli əlaqələrə malikdir.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

“Azərbaycan nəinki regionun, dünyanın siyasi cəhətdən ən sabit ölkələrindən biri sayılır. Eyni zamanda, Azərbaycan dövləti hər zaman yaxın qonşuluq münasibətlərinə üstünlük verir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistanı çıxmaq şərtilə dövlətimiz bütün qonşuları ilə yaxın iqtisadi-siyasi münasibətlərə malikdir. Bu gün məhz Azərbaycanın iştirakı və təşəbbüsü ilə bir neçə istiqamətdə regional və qlobal layihələr icra olunur, dövlətlərarası əlaqələr qurulur, genişləndirilir”.

Deputat bildirib ki, Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində siyasət aparır.

“Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir. Xüsusilə, yeni siyasi-iqtisadi reallıqlar regonal əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə müsbət tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman önəm verən Azərbaycan regionda planlaşdırılan layihələrdə qonşu dövlətlərin iştirakında maraqlı olduğunu önə çəkir. Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin daha da yüksəldilməsi istiqamətində aparılan siyasət əhəmiyyət kəsb edir. Yeni dövr üçün isə əlaqələrin yeni mərhələdə inkişafına ehtiyac duyulur. Bu, yeni çağırışlara, bölgənin yeni statusuna və iqtisadi potensialına uyğun münasibətlər sisteminin qurulması hər iki ölkə üçün olduqca böyük dividendlər vəd edir”.

Millət vəkilinin sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Bakıya rəsmi səfəri çərçivəsində mətbuata bəyanat zamanı Prezident İlham Əliyev bildirib ki, “Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır.

“Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”. Öz növbəsində İran Prezidenti də bildirib ki, əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş verib: "Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun".

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq əlaqələrin, münasibətlərin beynəlxalq hüquqa əsaslanan prisiplər üzərində qurulmasını təşviq edir. Bu mənada Azərbaycana xas olan çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edir. Azərbaycan öz xarici siyasətini konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən xətt üzrə yürüdür. Bu gün Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla həyata keçirilən siyasətdə İranla strateji tərəfdaşlıq xüsusi yer tutur. İran-Azərbaycan münasibətlərində yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlərdən əlavə qohumluq və qardaşlıq amili əsas götürülür. Eyni zamanda, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsinə qarşı üçüncü dövlətlərin müdaxiləsi yolverilməz hesab olunur. Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir. İran ilə münasibətlərə də eyni kontekstdən yanaşa bilərik. Təsadüfi deyil ki, İranın 12 dövlətlə quru sərhədləri olsa da, ən etibarlı sərhəd Azərbaycanladır. Vətən müharibəsindən sonra, 2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Xudafərinə səfəri və Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da qonşu ölkə üçün mühüm mesaj idi.

“Nəzərə alaq ki, İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövcuddur. Buna nümunə olaraq, İƏT, D8, ŞƏT, AQEM, ECO müstəvisində əməkdaşlığı xatırlada bilərik. Bütövlükdə, İran Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının mesajları, imzalanan sənədlər əlaqələrin daha da inkişafı edəcəyini deməyə əsas verir. Yəni, əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkan yaranıb. Hesab edirəm ki, bundna sonra qarşılıqlı münasibətlər məhz pozitiv müstəvidə davam və inkişaf edəcək”, - deyə deputat vurğulayıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər