Ceyhun Bayramov Qətər XİN rəsmisini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Qətər XİN rəsmisini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Qafar Ağayev14:15 - 29 / 05 / 2025
Ceyhun Bayramov Qətər XİN rəsmisini Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin dövlət naziri Muhəmməd bin Əbdüləziz bin Saleh əl-Xuleyfi ilə görüşüb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə edilib.

İki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mövcud potensialdan istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Ölkəsinin növbəti ildə İƏT sammitinə sədrliyi çərçivəsində əməkdaşlıq imkanlarından bəhs olunub.

Ötən il Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində verilmiş qərarların əhəmiyyəti qeyd olunub, iqlim maliyyəsi mövzusunda əldə olunmuş bu nailiyyətlərin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə töhfə olduğu qeyd edilib.

C.Bayramov həmçinin qarşı tərəfi keçmiş münaqişənin və Ermənistanın işğal siyasətinin nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Regional sülh quruculuğu prosesinin qarşısında duran çağırışlar və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər