Parkinson xəstəliyini yazıdan anlayan qələm hazırlanıb | 1news.az | Xəbərlər
Dünya

Parkinson xəstəliyini yazıdan anlayan qələm hazırlanıb

Qafar Ağayev09:13 - 05 / 06 / 2025
Parkinson xəstəliyini yazıdan anlayan qələm hazırlanıb

ABŞ-ın Kaliforniya Universitetinin alimləri süni intellekt texnologiyasından istifadə edərək Parkinson xəstəliyinin erkən əlamətlərini müəyyən edə bilən xüsusi qələm hazırlayıblar.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, beyində dopamin istehsal edən nahiyədəki hüceyrə itkisi ilə əlaqəli olaraq inkişaf edən Parkinson xəstəliyinin ilkin mərhələlərini aşkar edə bilən bu qələm, maqnit mürəkkəbi və xüsusi uca malikdir. Qələm yazı yazan zaman əl hərəkətləri zamanı baş verən mikro səviyyəli titrəmə və əzələ fəaliyyəti kimi detalları elektrik siqnallarına çevirir. Daha sonra bu siqnallar süni intellekt sistemləri tərəfindən analiz olunur və xəstəliyə dair ilkin göstəricilər müəyyənləşdirilir.

Tədqiqatçılar bildirirlər ki, qələm üç Parkinson xəstəsinin əl yazısı nümunələrini 13 sağlam insanın yazılarından uğurla ayırd edə bilib. Bundan əlavə, 16 nəfərlik kiçik bir qrup üzərində aparılan testlərdə bu innovativ alət 95 faizdən artıq dəqiqliklə Parkinson xəstəliyini diaqnoz edə bilib.

Hazırda sözügedən diaqnostik qələmin klinik sınaqları davam edir. Alzheimerdən sonra ikinci ən çox yayılan nevroloji xəstəlik olan Parkinson dünya üzrə 10 milyondan çox insana təsir edir. Əsas simptomlara titrəmə, əzələlərdə sərtlik və hərəkətlərin yavaşlaması daxildir.

Alimlərin fikrincə, aşağı maliyyətli bu qələm gələcəkdə xəstəliyin erkən mərhələdə və daha geniş miqyasda diaqnozunu əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Paylaş:
174

Son xəbərlər

Bütün xəbərlər