Deputat: Özbəkistan Prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrinin daha da güclənməsinə təkan verəcək | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Özbəkistan Prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrinin daha da güclənməsinə təkan verəcək

Qafar Ağayev09:46 - Bu gün
Deputat: Özbəkistan Prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrinin daha da güclənməsinə təkan verəcək

“Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

“İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri xüsusi vurğulanmalıdır”.

Deputat bildirib ki, səfər zamanı aparılan müzakirələr, sənədlərin mübadilə edilməsi əlaqələrimizin daha da güclənməsindən xəbər verir.

“Xatırlatmaq yerinə düşər ki, ötən ilin avqustunda Prezident İlham Əliyevin Daşkəndə dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması ilə ölkələrimiz müttəfiq oldular. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”.

Millət vəkilinin sözlərinə görə, qarşılıqlı inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub.

“Onu da qeyd etmək lazımdır ki, Özbəkistan 30 illik işğal zamanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. Bu illər ərzində Özbəkistan Ermənistanda səfirlik açmayıb, həmçinin Ermənistanın da Daşkənddə səfirlik açmasına icazə verilməyib. Dost ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipindən çıxış edib. Postmüharibə dövründə isə Özbəkistan işğaldan azad olunmuş ərazilərin bərpasına dost töhfəsi vermək əzmi nümayiş etdirir. Xatırladaq ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü əsasında Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib və 2023-cü ilin avqustunda dövlət başçılarının iştirakı ilə açılışı baş tutub. Eyni zamanda, Xankəndi şəhərində Özbəkistanla birgə sənaye müəssisəsinin yaradılması da qardaşlığın və müttəfiqliyin növbəti nümunəsidir!”.

Sevinc Fətəliyeva qeyd edib ki, iyulun 2-də “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasında qəbul olunan qərarlar da əməkdaşlığımızı daha da gücləndirəcək. Xüsusilə, hər iki ölkə yeni layihələr üzərində işləyir. Bu baxımdan, Orta Dəhlizin inkişafı da diqqət mərkəzindədir. Dövlət başçılarının mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev deyib: “Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu, - mən Azərbaycanın nəqliyyat infrastrukturunu nəzərdə tuturam, - xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır”.

“Bütövlükdə, hesab edirəm ki, Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri, səfər zamanı aparılan müzakirələr və mübadilə edilən sənədlər qarşılıqlı əlaqələrinin daha da güclənməsinə böyük təkan verəcək”,-deyə millət vəkili vurğulayıb.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər