Barak Obamadan Qəzzaya yardım çağırışı: “İsrail hərbi əməliyyatları dərhal dayandırmalıdır”

ABŞ-ın sabiq prezidenti Barak Obama Qəzzada humanitar böhranın dərinləşdiyini vurğulayaraq, insani yardımların bölgəyə çatdırılmasına icazə verilməsini və İsrailin hərbi əməliyyatlarını dərhal dayandırmasını tələb edib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki,Obama bu barədə "X" sosial media platformasında paylaşım edərək, New York Times qəzetində Qəzzada aclıqla üzləşən insanların vəziyyətini əks etdirən iki reportajı ictimaiyyətlə bölüşüb.
“Qəzzada yaranmış humanitar böhranın daimi həll yoluna qovuşması üçün İsrailin hərbi əməliyyatlarını dayandırması vacibdir”, – deyə Obama bildirib.
Sabiq prezident qeyd edib ki, paylaşdığı materiallar günahsız insanların qarşısı alına biləcək aclıq səbəbindən həyatlarını itirmələrinin qarşısını almaq üçün təcili tədbirlər görülməsinin zəruriliyini göstərir.
“Yardımların Qəzzədəki insanlara çatdırılmasına imkan verilməlidir. Mülki ailələrin ərzaq və suya çıxışını məhdudlaşdırmaq üçün heç bir əsas ola bilməz”, – deyə Obama vurğulayıb.