“Antiterror əməliyyatları göstərdi ki, Azərbaycan Prezidentinin bütün addımlarının hədəfə doğru getmək üçün böyük mənası var”

Azərbaycanın Dövlət Suverenliyinin tam bərpası əməliyyatından 2 il ötür. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün növbəti missiya suverenliyin tam təmin olunması idi. 2020-ci il noyabrın 10-da imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin, separatçı rejimin mövcudluğu ciddi təhlükəsizlik problemləri yaradırdı.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Əslində, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idi. Lakin bu istiqamətdə heç bir fəaliyyət qeydə alınmadı. Əksinə, separatizm meylləri daha da gücləndi.
Azərbaycan isə işğala məruz qalan tərəf olmasına baxmayaraq, mövcud gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin etmək istiqamətində praktik addımlar atırdı. Rəsmi Bakının bütün addımları regionda konstruktiv mühit yaratmağa hesablanmışdı. Amma qarşı tərəf ən radikal davranışlar sərgiləyir, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirir, qondarma seçkilər təşkil edir, regionda vəziyyətin gərginləşməsi üçün əlindən gələni edirdi. Ermənistanda istehsal olunan minalar, qanunsuz silah-sursat Azərbaycanın işğal altında olan ərazilərinə daşınırdı. Bu proses Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər davam etdi.
2023-cü il aprelin 23-də Laçında quraşdırılan sərhəd-keçid məntəqəsi terror məqsədilə həyata keçirilən məkrli fəaliyyətin qarşısını aldı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilərək müxtəlif yerlərdə basdırılırdı. Sentyabrın 19-da mülki şəxslər və hərbçilərin mina terrorunun qurbanı olması artıq son damla idi və bu, Azərbaycanın antiterror əməliyyatlarına başlamasını qaçılmaz etdi.
Beləliklə, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cənab Prezidentin “Əməliyyatı dayandırmaq üçün nə lazımdır?” sualına çox aydın şəkildə cavabı oldu: “Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərksilah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik”.
Təbii ki, separatçı rejimin sona qədər getmək üçün potensialı yox idi və cəmi 23 saat davam edən, sentyabrın 20-də uğurla başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı, 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə məntiqi sonluğuna çatdı. Bu, Azərbaycan ərazilərində qondarma erməni dövləti yaratmaq xülyasının sonu və separatizmin kökünün kəsilməsi demək idi. Beləliklə, Azərbaycan regionu erməni faşizmindən birdəfəlik xilas etdi, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda da Azərbaycan bayrağı ucaldıldı.
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi: “44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması isə bizim şüurlu seçimimiz idi. Zaman göstərdi ki, Azərbaycan Prezidentinin verdiyi qərarlar heç vaxt situativ xarakter daşımır. Bütün addımların hədəfə doğru getmək üçün böyük mənası var”.