Anım Günü münasibətilə Zəngilanın Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib - FOTO

Anım Gününün beşinci ildönümü münasibətilə Zəngilan rayonunda yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib.
1news.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, “Huner Group” şirkətinin dəstəyi ilə təşkil olunan aksiyada Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti iştirak ediblər.
İlk olaraq aksiya iştirakçıları Zəngilan Şəhidlər Xiyabanını ziyarət ediblər. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək qeyd ediblər ki, Anım Günü yalnız Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin anıldığı kədər və hüzn günü deyil, həm də milli qürur, birliyin və iradənin təntənəsi günüdür. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz nəinki torpaqlarımızı azad etdi, həm də millətin mənəvi gücünü, sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra ağacəkmə aksiyasına start verilib. Aksiya çərçivəsində müasir damcı suvarma sistemi çəkilən ərazidə 140 ədəd Leyland sərvi, 100 ədəd Xan çinarı, 100 ədəd Eldar şamı, 50 ədəd isə Parlaq birgöz ağacı olmaqla, ümumilikdə 390 ədəd ağac əkilib.
Nəzərinizə çatdıraq ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Fond bu istiqamətdə bir neçə layihəni icra edib və yeni layihələrin icrasını davam etdirməkdədir.
Qeyd olunmalıdır ki, erməni işğalı dövründə dağıdılmış Zəngilan Şəhidlər Xiyabanı bu ərazilər azad edildikdən sonra tam bərpa olunub.









