“Card-to-card” problemi: Azərbaycanda elektron ticarətin 71%-i vergi hesabatlılığının xaricində necə qaldı? | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Card-to-card” problemi: Azərbaycanda elektron ticarətin 71%-i vergi hesabatlılığının xaricində necə qaldı?

“Card-to-card” problemi: Azərbaycanda elektron ticarətin 71%-i vergi hesabatlılığının xaricində necə qaldı?

2024-cü ildə Azərbaycanda kartdan-karta köçürmələr (“Card-to-card”(C2C)) elektron ticarətin ümumi həcminin 71%-ni təşkil edib.

Bu, nə statistik anomaliya, nə də metodoloji səhvdir, ölkənin ödəniş sisteminin struktur reallığıdır. Qeyd olunan məqam, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və “Mastercard Advisors”-un 2025-ci ildə “The Next Wave of Digitization in Azerbaijan” (“Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası”) adı ilə birgə dərc etdiyi diaqnostik tədqiqatda əksini tapıb.

Tədqiqatın əhatə dairəsi təqdim olunan məlumatların doğruluğuna şübhə yeri qoymur.

Diaqnostika ölkənin səkkiz şəhərində 810 kiçik və orta biznes (KOB) subyekti və 600 istehlakçının sorğusunu əhatə edib. Bundan əlavə, AMB komandaları, digər dövlət qurumları, banklar və fintex şirkətlərinin nümayəndələri ilə 18-dən çox müsahibə aparılıb, altı fokus-qrup təşkil edilib və bütün ödəniş sistemi səviyyəsində tranzaksiya məlumatları təhlil olunub.

Tədqiqatın nəticələri tənzimləyicinin, bank sektorunun və vergi orqanlarının qarşısına fundamental xarakterli sual qoyur: əvvəlcə fiziki şəxslər arasında köçürmələr üçün yaradılmış ödəniş mexanizmi üç il ərzində necə elektron ticarətdə dominant hesablaşma üsuluna çevrildi? Və bu, ölkənin fiskal sistemi üçün nə deməkdir?

AMB və “Mastercard Advisors”-un 2025-ci il birgə tədqiqatının məlumatlarına əsaslanan bu material aydın şəkildə göstərir ki, kartdan-karta köçürmə mexanizmi üç il ərzində Azərbaycanda kommersiya hesablaşmalarının dominant kanalına çevrilib. Söhbət ildə təxminən 16 milyard manatın vergi hesabatı sistemindən kənarda qalmasından gedir.

Təhlil göstərir ki, bunun səbəbi sahibkarların vicdansızlığı deyil, stimullar strukturudur: vergi hədləri, POS-ekvayrinq komissiyaları, regionlarda seyrək bank infrastrukturu və KOB subyektlərinin əksəriyyətində şəxsi və kommersiya hesabları arasındakı silinmiş sərhəd.

Nəticələr fiskal itkilərdən çox-çox kənara uzanır — fintex ekosisteminin boğulmasından tutmuş tənzimləyicinin informasiya korluğuna qədər.

Tədqiqat 2027-ci ilə qədər ödənişlərin rəqəmsallaşma səviyyəsini ikiqat artırmağa qadir 22 təşəbbüsdən ibarət yol xəritəsi təklif edir. Lakin əsas sual açıq qalır: artıq paralel ödəniş sistemi qurmuş bazarın sürətinə institusional cavab yetişə biləcəkmi?

Trayektoriya: sıfırdan dominantlığa —cəmi üç il ərzində

Transformasiyanın sürətini qiymətləndirmək üçün dinamikaya baxmaq kifayətdir.

2021-ci ilə qədər C2C köçürmələrinin elektron ticarət həcmindəki payı sıfıra yaxın idi. 2022-ci ildə bu pay 59% oldu. 2023-cü ildə — 69%. 2024-cü ilə qədər isə — 71%.

Tranzaksiya sayı üzrə mənzərə oxşardır: 2022-ci ildə 37%, 2023-cü ildə 50%, 2024-cü ildə isə 54%.

Üç il ərzində paralel ödəniş sistemi heçdən bazar standartı statusuna yüksəlib.

C2C köçürmənin mexanikası son dərəcə sadədir. İstifadəçi alıcının kart nömrəsini daxil edir, məbləği göstərir və tranzaksiyanı təsdiqləyir. Vəsait alıcının kartına ani olaraq daxil olur. Bu funksionallıq - restoranda hesabı bölüşmək, qohuma pul göndərmək, tanışlar arasında xırda xidmətin haqqını ödəmək kimi gündəlik ehtiyaclar üçün yaradılmışdı. Tədqiqatın məlumatlarına görə, Azərbaycanda istehlakçıların 90%-i ödəniş kartlarını C2C köçürmələri üçün istifadə edir.

Lakin əvvəlcə şəxsi xarakterli “peer-to-peer” alət kimi başlayan mexanizm keyfiyyət transformasiyasına uğradı. Satıcılar alıcılara şəxsi kartlarının nömrələrini verməyə, POS-terminal əvəzinə birbaşa hesablarına köçürmə etməyi xahiş etməyə başladılar. Bu formata artıq öyrəşmiş istehlakçılar müqavimət göstərmir.

Nəticə: şəxslər arası köçürmələr üçün layihələndirilmiş sistem de-fakto qeyri-rəsmi ticarətin ödəniş infrastrukturu kimi fəaliyyət göstərir.

Prinsipial əhəmiyyətli fakt budur: C2C tranzaksiyaları haqqında məlumatlar hazırda AMB-nin dərc etdiyi elektron ticarət statistikasına daxildir və ayrıca kateqoriya kimi göstərilmir. Bu o deməkdir ki, Azərbaycanda “elektron ticarətin artımı” barədə başlıq rəqəmləri əslində kommersiya ekvayrinq sistemindən keçməyən əhəmiyyətli həcmdə tranzaksiyanı da ehtiva edir. Statistik qarışıqlıq rəqəmsallaşmanın real mənzərəsini təhrif edir.

Səbəblərin anatomiyası: dörd amil ideal fırtına necə yaratdı

Kommersiya məqsədləri üçün C2C-nin kütləvi istifadəsini “öz-özünə” yaranan stixiya kimi təsvir etmək analitik baxımdan yanlış olardı.

Tədqiqatın məlumatları müxtəlif iştirakçıların — fiskal orqanlardan tutmuş sahibkarların özlərinə qədər — fəaliyyət və fəaliyyətsizliyinin rəsmi ödəniş infrastrukturunun yan keçilməsini istisna etməyərək norma halına gətirdiyi sistem məntiqi bərpa etməyə imkan verir.

Amil №1: vergi-fiskal arxitektura

Azərbaycanın vergi stimulları strukturu qeyri-ixtiyari olaraq kiçik sahibkarların kölgəyə keçməsini təşviq edir.

Sadələşdirilmiş vergi ödəyicisi statusunu saxlamağa imkan verən illik dövriyyə üzrə 200 000 manatlıq hədd sahibkarlara “görünən” dövriyyəni bu səviyyənin altında saxlamaq üçün stimul yaradır. Tədqiqatın məlumatlarına görə, KOB subyektlərinin 47%-i rəqəmsal ödənişləri qəbul etmək istəməməsinin əsas səbəbi kimi vergi nəticələrini göstərir. POS-terminal vasitəsilə hər tranzaksiya avtomatik sənədləşdirilir və qeydiyyata alınan dövriyyəni artırır. Şəxsi karta C2C köçürmə isə belə deyil.

Buna nağd pulun kommersiya hesabından çıxarılması zamanı 1% sadələşdirilmiş vergi də əlavə olunur.

Nağdsız ödənişlərin stimullaşdırılmasının aparıcı alətlərindən biri olan ƏDV geri qaytarma proqramı bu asimmetriyanı dəf edə bilmədi. Stimul istehlakçı tərəfində işləyir (ƏDV-nin bir hissəsinin geri qaytarılması), amma ödəniş üsulu barədə qərarı satıcı verir. AMB-nin məlumatlarına görə, 2024-cü ilə qədər ƏDV geri qaytarma portalının istifadəçi sayı 2,7 milyonu keçib. Lakin bu, C2C payının 59%-dən 71%-ə yüksəlməsinin qarşısını ala bilməyib.

Amil №2: bank sektoru

Azərbaycanda rəqəmsallaşma imkanları əhəmiyyətli dərəcədə fərqlənən 22 bank fəaliyyət göstərir. Onlardan yalnız dördü KOB subyektləri üçün tam rəqəmsal qoşulmanı (digital onboarding) təmin edə bilir. Müqayisə üçün: Türkiyədə bu imkana bütün banklar malikdir.

2022-ci ildə Azərbaycanda bank müştərilərinin yalnız 10%-i rəqəmsal kanallar vasitəsilə cəlb olunmuşdu. Türkiyədə bu rəqəm 36% idi. Yeni kartların 73%-i filiallar vasitəsilə, yalnız 12%-i rəqəmsal kanallar vasitəsilə təqdim olunurdu.

Bank xidmətlərinin dəyəri problemi daha da dərinləşdirir. İstehlakçıların 57%-i bank xidmətləri üçün komissiyaları həddən artıq hesab edir (regionlarda bu rəqəm 67%-dir). Əsas bank xidmətlərinin orta əmək haqqına nisbətdə dəyəri 0,6% təşkil edir — bu, Türkiyədəkindən (0,3%) iki dəfə yüksəkdir. Banklar əmək haqqı layihələri üçün 0,5–1% komissiya tutur, halbuki Türkiyədə əmək haqqı müştərilərinə pulsuz köçürmələr, bonuslar və faizsiz kredit kartları təklif olunur. KOB subyektlərinin 69%-i biznes üçün bank xidmətlərinin dəyərini həddən artıq hesab edir.

Əslində bank sistemi sadə C2C köçürmə ilə rahatlıq, sürət və dəyər baxımından rəqabət edə biləcək məhsul yaratmayıb. Satıcı üçün C2C — ani mədaxil, sıfır komissiya və sənədləşdirmə yoxluğudur. POS-ekvayrinq isə komissiyalar, vergi görünürlüyü və nağdlaşdırma zamanı əlavə xərclərdir.

Amil №3: infrastruktur çatışmazlığı

Azərbaycanda hər 1000 nəfərə 8,5 POS-termial düşür. Müqayisə üçün, bu göstərici Gürcüstanda — 23,9, Qazaxıstanda — 51,6, Türkiyədə — 60,7-dir.

Tədqiqata cəlb olunmuş KOB subyektlərinin 56%-i heç vaxt POS-terminal sahibi olmayıb, yalnız 30%-in hazırda terminalı var. Terminal sahiblərinin isə yalnız təxminən 48%-i onu aktiv istifadə edir.

Bank infrastrukturunun regional bölgüsü öz növbəsində dərin disbalansla xarakterizə olunur. Bakıda hər 100 000 yetkin əhaliyə 11,1 bank filialı və 70,5 bankomat düşür. Regionlarda isə bu göstərici 2,8 filial və 19,1 bankomat olur. İşləyən əhalinin 58%-i (regionlarda bu pay 61%-dir) gəlirini nağd formada alır, onların 46%-i isə (regionlarda — 53%) onu nağd şəkildə saxlamağa davam edir.

Rəsmi ödəniş qəbulu infrastrukturunun seyrək olduğu yerlərdə C2C alternativə yox, yeganə mövcud rəqəmsal kanala çevrilir.

Amil №4: KOB və istehlakçı davranışı

Azərbaycanda KOB subyektlərinin 59%-i kommersiya hesabının olmasına dair qanunvericilik tələbinə baxmayaraq, biznes fəaliyyəti üçün şəxsi bank hesablarından istifadə edir. Regionlarda bu göstərici 64%-ə çatır. Sahibkarların əksəriyyətində şəxsi və kommersiya maliyyə məkanı arasında sərhəd de-fakto silinib. Bu şəraitdə şəxsi karta C2C köçürmə sistemi yan keçmək deyil — şəxsi və işgüzar cüzdanın artıq fərqlənmədiyi məntiyin davamıdır.

“Banka qoşulmamış” (unbanked) KOB-ların 41%-inin bank hesabı yoxdur. Bu, kifayət qədər maliyyə savadının olmaması ilə bağlıdır. Azərbaycan KOB-larının 62%-i heç vaxt işgüzar xərclər üçün kommersiya kartından istifadə etməyib. İstehlakçılar tərəfindən müqavimət minimaldır: alıcı üçün “dosta köçürmə” ilə “malın ödənişi” arasındakı funksional fərq silinib — interfeys eynidir, sürət eynidir, vərdiş formalaşıb.

Bu dörd amilin kumulyativ effekti iqtisadi nəzəriyyədə “rasional tələ” adlanan vəziyyəti yaradır: hər iştirakçı qısamüddətli maraqları baxımından optimal davranır, lakin kollektiv nəticə bütövlükdə iqtisadiyyat üçün suboptimaldır. Satıcı komissiya və vergilərdə qənaət edir. Alıcı rahatlıq və sürət əldə edir. Bank tranzaksiya aktivliyi görür.

Lakin dövlət vergi bazasını, tənzimləyici — informasiyanı, fintex sektoru — bazarı, ödəniş sistemi isə bütövlüyünü itirir.

Miqyasın qiymətləndirilməsi: qeyri-rəsmi ödəniş axınının anatomiyası

Tədqiqatın əsas vəzifələrindən biri eyni C2C mexanizmi (kartdan-karta köçürmə) vasitəsilə həyata keçirilən iki tranzaksiya növünü fərqləndirmək idi:

1) Fiziki şəxsin şəxsi məqsədlə digər fiziki şəxsə vəsait göndərdiyi hallar;

2)Kommersiya xarakterli ödənişlər — alıcının eyni kanaldan satıcıya mal və xidmətlərin haqqını ödədiyi hallar.

Bu təhlilin nəticələri belədir: 2023-cü ildə C2C köçürmələrin əhəmiyyətli payı kommersiya aktivliyi ilə bağlı olub — C2C tranzaksiyalarının ümumi həcmi olan təxminən 40 milyard manatın təqribən 40%-i.

Söhbət rəsmi kommersiya hesabatı sistemindən kənarda qalan təxminən 16 milyard manatdan gedir. Kontekst üçün: bu, ölkədə bütün şəxsi istehlak xərclərinin (PCE) əhəmiyyətli hissəsi ilə müqayisə oluna bilər.

İstehlakçı sorğusunun məlumatları bu qiymətləndirməni tərsinə — tələb tərəfindən — təsdiqləyir. İstehlakçıların 55%-i bildirir ki, satıcılar ödənişi C2C köçürmə vasitəsilə almağı tələb edir. Bakıdan kənarda bu rəqəm 66%-ə yüksəlir.

Bundan əlavə, istehlakçıların 45%-i razılaşır ki, C2C vasitəsilə POS-terminallara nisbətən daha çox yerdə mal və xidmətlər üçün ödəniş edə bilirlər.

Yaranan mənzərə birmənalıdır: ticarət məqsədli C2C köçürmələr yan hadisə və ya ayrı-ayrı istehlakçıların davranış anomaliyası deyil. Bu, əsasən satıcılar tərəfindən başladılan və istehlakçılar tərəfindən norma kimi qəbul edilən sistem praktikadır.

Bazar rəsmi vergi hesabatının hüdudlarından kənarda fəaliyyət göstərən paralel ödəniş infrastrukturu yaradıb.

Fiskal ölçü: beynəlxalq təcrübədən artıq nə məlumdur

Tədqiqat Azərbaycanın büdcəsi üçün vergi itkilərinin birbaşa qiymətləndirilməsindən çəkinir. Lakin ödəniş üsulları ilə vergi daxilolmaları arasındakı miqyaslı əlaqəni qiymətləndirməyə imkan verən beynəlxalq empirik tədqiqatların nəticələrini təqdim edir.

Türkiyədə müəyyən edilib ki, kart ödənişlərinin payının 1% artması ƏDV daxilolmalarının 1,6% artmasına səbəb olur. Eyni zamanda, nağd pul çıxarılması həcminin 1% artması ƏDV daxilolmalarının 1,7% azalması ilə müşayiət olunur. Yunanıstanda analoji tədqiqat göstərib ki, kart ödənişlərinin şəxsi istehlak xərclərindəki payının 1% artması ƏDV daxilolmalarının mütənasib olaraq 1% artmasına gətirib çıxarır.

Bu məlumatlar ikimənalı yozuma yer qoymur. Ödənişin aparılma üsulu ilə vergi şəffaflığı arasındakı əlaqə nəzəri deyil, empirik təsdiq olunmuş xarakter daşıyır. Tranzaksiya POS-terminal vasitəsilə keçib satıcının kommersiya hesabına daxil olduqda vergi hesabatı sisteminə düşür. Eyni tranzaksiya şəxsi karta C2C köçürmə formasında həyata keçirildikdə isə statistik baxımdan qohuma pul göndərməkdən fərqlənmir.

Tədqiqatın müəllifləri bu tezisi açıq şəkildə ifadə edirlər: əvvəlcə pul köçürmə aləti kimi nəzərdə tutulan C2C köçürmələr hazırda qeyri-rəsmi iqtisadiyyatı dəstəkləmək üçün istifadə olunur və dövlətin vergi daxilolmalarının toplanmasına maneələr yaradır.

Bu, ittiham aktı deyil — məlumatlarla dəstəklənmiş diaqnostik müşahidədir.

Miqyası anlamaq üçün sadə ekstrapolyasiya aparmaq kifayətdir. Əgər 16 milyard manat kommersiya C2C tranzaksiyası POS-hesabat sistemini yan keçirsə və əgər Azərbaycanda rəsmi ödənişlər ilə ƏDV arasındakı korrelyasiya Türkiyə və Yunanıstan modellərinə heç olmasa təxminən uyğun gəlirsə, fiskal nəticələr hər il yüz milyonlarla manat alınmamış vergi daxilolması ilə ölçülür.

Dəqiq hesablama ayrıca tədqiqat tələb edir — lakin rəqəmin böyüklük dərəcəsi göz yummağa imkan vermir.

Əlavə təsirlər: dələduzluq, fintexin boğulması və informasiya korluğu

Fiskal itkilər ən aşkar, lakin kommersiya hesablaşmalarında C2C-nin kütləvi istifadəsinin heç də yeganə nəticəsi deyil. Tədqiqat iqtisadiyyata mənfi təsirin üç əlavə vektorunu müəyyənləşdirir.

Dələduzluq və etibarın itirilməsi

C2C köçürmə zamanı həssas məlumat olan alıcının kart nömrəsi açıq şəkildə ötürülür. Bu, dələduzluq sxemləri üçün zəmin yaradır: kart məlumatlarının ələ keçirilməsi, fişinq, icazəsiz silinmələr. Tədqiqatın müəllifləri vurğulayır: dələduzluq hallarının artması ilə istehlakçılar bütövlükdə rəqəmsal ödənişlərə qarşı getdikcə daha ehtiyatlı olur. Bu hal ödəniş sisteminə olan etimadın azalmasına və nağdsız dövriyyədən nağd iqtisadiyyata doğru geriyə dönüşə gətirib çıxarır.

Paradoksal qapalı dövr yaranır: formal olaraq rəqəmsal olan alət öz əlavə təsirləri ilə nağd pula qayıdışı gücləndirir.

Fintex ekosisteminin boğulması

İstehlakçıların 44%-i elektron ticarətdə alışların ödənişi üçün C2C köçürmələrə üstünlük verir. Bu, ödəniş fasilitatorlarının (Payment Facilitators, PF) — elektron ticarət ekosisteminin inkişafında kritik rol oynayan şirkətlərin biznes modelini birbaşa sarsıdır. Qlobal miqyasda PF sayı 2021-ci ildə 1 500-dən 2025-ci ilə proqnozlaşdırılan 4 229-a qədər artıb, PF-lərin qlobal ekvayrinq bazarındakı payı isə 5%-dən 10%-ə yüksəlib. Azərbaycanda bu sahədə fəaliyyət göstərən fintex şirkətləri inkişafın erkən mərhələlərindədir. Tranzaksiyaların kütləvi şəkildə C2C kanalına axması onları iqtisadi bazadan məhrum edir və miqyasa çatmağa macal tapmamış rəqabətqabiliyyətliliyini sarsıdır.

İnformasiya asimmetriyası

Üçüncü və bəlkə də strateji baxımdan ən əhəmiyyətli nəticə — tənzimləyicinin informasiya korluğudur. C2C tranzaksiyalar məqsədinə görə kateqoriyalaşdırılmır.

Tənzimləyici valideynin tələbə övladına köçürməsini yüzlərlə sifarişi emal edən satıcının kartına gündəlik daxilolmalardan fərqləndirə bilmir. “Mastercard”-ın metodologiyasının göstərdiyi kimi texniki baxımdan mümkün olan, lakin hələ sistem səviyyəsində tətbiq olunmamış analitik fərqləndirmə olmadan AMB elektron ticarətin real həcmini, rəqəmsallaşma səviyyəsini və qeyri-rəsmi iqtisadiyyatın miqyasını adekvat qiymətləndirmək imkanından məhrumdur.

Bərabərsizliyin coğrafiyası: paytaxt və regionlar

C2C fenomeni ərazi baxımından bircinsli deyil və paytaxtdan kənarda daha kəskin ifadə olunub. Bütün ölkə üzrə istehlakçıların 55%-i satıcıların mal və xidmətləri C2C vasitəsilə ödəməyi tələb etdiyini bildirirsə, regionlarda bu göstərici 66%-ə çatır.

Bu disbalansın səbəbləri infrastruktur xarakterlidir və yuxarıda ətraflı nəzərdən keçirilib. Əsas nəticə ondan ibarətdir ki, bank şəbəkəsinin və POS-terminalların sıxlığındakı regional fərq C2C-ni Bakıdan kənar sahibkarların və istehlakçıların əksəriyyəti üçün yeganə praktik olaraq əlçatan rəqəmsal kanala çevirir.

Regionlarda işləyən əhalinin 61%-i gəlirini nağd formada alır, onların 53%-i isə onu nağd saxlamağa davam edir. Rəsmi ödəniş infrastrukturunun seyrək, nağd pulun isə əsas dövriyyə vasitəsi olaraq qaldığı şəraitdə C2C köçürmə rəqəmsal və nağd dünyalar arasında yeganə əlçatan körpüyə çevrilir. Rəsmi infrastrukturun ən incə olduğu yerdə qeyri-rəsmi sistem ən sıx olur.

Rəqəmsallaşma illüziyası: 17 milyon kart və 18% real aktivlik

C2C probleminin konteksti kart aktivliyinin ümumi mənzərəsinə baxdıqda daha da narahatedici olur.

2023-cü ilin sonuna qədər Azərbaycanda təxminən 17 milyon ödəniş kartı buraxılmışdı. Bu rəqəm özlüyündə yetkin bazar təəssüratı yarada bilər. Lakin tədqiqatda verilən struktur təhlili bu təəssüratı əhəmiyyətli dərəcədə düzəldir.

Azərbaycanın 7,9 milyon yetkin əhalisindən (bankable population) yalnız 59%-nin ödəniş kartı var. Bu 59%-in içində 10 faiz qeyri-aktiv kart sahiblərinin, 31 faizi— kartları yalnız nağd pul çıxarma və C2C köçürmələr üçün istifadə edənlərin, yalnız 18 faiz isə — kartları alışlar üçün real istifadə edənlərin payınadır.

Tranzaksiyaların strukturu bu diaqnozu təsdiqləyir: bütün kart əməliyyatlarının 44%-i nağd pul çıxarmaya, 31%-i C2C köçürmələrə və yalnız 25%-i POS-tranzaksiyalara düşür.

Pensiya kartları xüsusilə nümunəvi statistika nümayiş etdirir: tranzaksiyalarının 96%-i nağd pul çıxarmadır. Əmək haqqı kartları üçün bu rəqəm 63%-dir.

Bu kontekstdə C2C-nin elektron ticarətdəki 71% payı təcrid olunmuş problem deyil, daha geniş sistem mənzərəsinin bir hissəsidir. Azərbaycanda ödəniş kartları kütləvi şəkildə nağdsız alış aləti kimi deyil, nağd pula çıxış vasitəsi və qeyri-rəsmi köçürmə kanalı kimi istifadə olunur.

Rəqəmsallaşmanın əsas göstəricilərindən biri kimi tez-tez təqdim olunan buraxılmış kartların sayındakı artım, əslində, kartlardan real istifadə səviyyəsinin xeyli daha təvazökar olduğunu gizlədir.

Cavab tələb edən suallar

Tədqiqatın müəllifləri yalnız diaqnostika ilə kifayətlənməyiblər. Oxşar rəqəmsallaşma səviyyəsinə malik 40-dan çox ölkədə 60-dan çox təşəbbüsün təhlili əsasında Azərbaycan üçün ən müvafiq 22 təşəbbüs seçilib və onların həyata keçirilməsi üçün yol xəritələri hazırlanıb. Diaqnostik iş aparılıb, məlumatlar toplanıb və sistemləşdirilib. Açıq qalan sual — reaksiyanın sürəti və xarakterinə dairdir.

Birinci sual statistikdir. Kommersiya təyinatlı C2C tranzaksiyalarının AMB-nin statistik hesabatlarında ayrıca kateqoriya kimi ayrılması məqsədəuyğundurmu? Onlar ümumi elektron ticarət statistikasına daxil olduğu müddətcə ölkədə ödənişlərin rəqəmsallaşması barədə dərc olunan məlumatlar sistematik şəkildə şişirdilməsi mənasına gəlir. Ayrılma analitik səy tələb edəcək, lakin bazarın bütün iştirakçılarına — tənzimləyicidən investorlara qədər — real mənzərə ilə işləmək imkanı verəcək.

İkinci sual identifikasiyaya dairdir. Tədqiqat göstərir ki, hədd metodları (bir karta daxilolmaların tezliyi və həcmi) de-fakto satıcı olan alıcıları yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. Bu hədlər bank sistemi səviyyəsində cəza mexanizmi kimi deyil, tacirlərin rəsmi POS-ekvayrinq məkanına yumşaq miqrasiyası üçün məlumatlandırma aləti kimi tətbiq oluna bilərmi?

Üçüncü sual stimullara dairdir. Tədqiqatda verilən beynəlxalq təcrübə konkret modellər təklif edir. “Cashless Poland” proqramı yeni tacirlər üçün POS komissiyalarını subsidiyalaşdırıb və bu, dörd il ərzində POS-terminal sayının 77% artmasına gətirib çıxarıb. Misir terminal şəbəkəsinin genişləndirilməsinə 1 milyard Misir funtu investisiya yatırıb. Cənubi Koreyada sahibkarlar kart satışlarının həcminin 0,5%-ni ƏDV öhdəliklərindən çıxmaq imkanı əldə ediblər (sonradan dərəcə 5 milyon von limiti ilə 2%-ə artırılıb). İtaliyada gəliri 400 000 avroya qədər olan KOB-lar elektron ödəniş qəbulu komissiyalarının 30%-ni vergi güzəştinə aid edə bilirlər. Rəsmi POS-ekvayrinqi sahibkar üçün C2C-dən daha sərfəli edə biləcək subsidiya, güzəşt və tənzimləyici yüngülləşdirmələrin hansı kombinasiyası lazımdır?

Dördüncü sual institusionaldır. Azərbaycanda rəqəmsallaşma imkanları əhəmiyyətli dərəcədə fərqlənən 22 bank fəaliyyət göstərir. Onların yalnız bir hissəsi KOB subyektləri üçün tam rəqəmsal qoşulmanı təmin edə bilir. 2022-ci ildə Azərbaycanda bank müştərilərinin yalnız 10%-i rəqəmsal kanallar vasitəsilə cəlb olunmuşdu, Türkiyədə bu rəqəm 36% idi. Tənzimləyici kiçik biznesi xidmətləndirən banklar üçün lisenziya tələbi kimi rəqəmsal xidmətlərin minimum standartlarını müəyyən edə bilərmi?

Beşinci sual — hüquq tətbiqinə dairdir. Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunu banklar üçün icazə verilən fəaliyyət növlərini tənzimləyir (maddə 32) və bank hesabları vasitəsilə kommersiya fəaliyyətinin aparılması tələblərini müəyyən edir. KOB-ların 59%-i biznes üçün şəxsi hesablardan istifadə edir. Norma ilə praktika arasındakı uçurum açıq-aydındır. Məsələ sanksiyaların sərtləşdirilməsində deyil — qanuna riayət etməyin onu pozmaqdan iqtisadi baxımdan daha cəlbedici olduğu şəraitin yaradılmasındadır.

Nəticə: problemin və cavabın sürəti

Beləliklə, Azərbaycan Mərkəzi Bankı və “Mastercard Advisors”-un birgə tədqiqatında dərc olunan məlumatlar qeyri-rəsmi kommersiya hesablaşmaları kanalının dörd ildən az müddətdə sıfırdan mütləq dominantlığa yüksəldiyi ödəniş sistemini təsvir edir.

Bu sürət özlüyündə mühüm siqnal ehtiva edir: iqtisadi agentlər stimullara institutların tənzimləyici mühiti adaptasiya etməyə macal tapdığından xeyli sürətlə reaksiya verir.

  • Elektron ticarətin 71%-i C2C kanallarından keçir.
  • İldə təxminən 16 milyard manat ehtimal olunan kommersiya tranzaksiyaları rəsmi hesabat sistemindən kənardadır.
  • İstehlakçıların 55%-nə satıcılar yalnız C2C təklif edir.
  • Yetkin əhalinin 18%-i kartları real olaraq alışlar üçün istifadə edir.

Bu rəqəmlər hökm deyil — diaqnozdur. Və bu diaqnozun dəyəri ona nə qədər tez və dəqiq cavab veriləcəyi ilə müəyyən olunur.

Tədqiqat 40-dan çox ölkənin təcrübəsinə əsaslanan 22 konkret təşəbbüs təklif edir. Proqnoz göstərir ki, bu tədbirlərin sistem şəklində həyata keçirilməsi ilə istehlak ödənişlərinin rəqəmsallaşma səviyyəsi 2027-ci ilə qədər ikiqat arta bilər — 32%-dən 64%-ə. Diaqnostika tamamlanıb. Alətlər müəyyənləşdirilib. Yol xəritələri hazırlanıb.

Sual birdir: institusional cavabın sürəti bazarın problemi yaratdığı sürətlə müqayisə oluna biləcəkmi?

Məlumat mənbəyi: “The Next Wave of Digitization in Azerbaijan”, “Central Bank of the Republic of Azerbaijan” × “Mastercard Advisors”, 2025. Tədqiqat 8 şəhərdə 810 KOB və 600 istehlakçının sorğularına, 18+ steykholderlərlə müsahibələrə, tranzaksiya məlumatlarının təhlilinə və 40+ ölkədə 60+ təşəbbüsün bençmarkinqinə əsaslanır.

Yazını başqa dillərdə də oxuya bilərsiniz:

Card-to-card problem: how 71% of Azerbaijan's e-commerce ended up beyond the reach of tax reporting

Проблема card-to-card: как 71% электронной коммерции Азербайджана оказался за пределами налоговой отчетности

Paylaş:
172

Son xəbərlər

Bütün xəbərlər