Sosioloq: Elektron siqaret qadağası gələcək nəslin qorunması üçün mühüm addımdır | 1news.az | Xəbərlər
Mövqe

Sosioloq: Elektron siqaret qadağası gələcək nəslin qorunması üçün mühüm addımdır

Oksana Orucova16:24 - Bu gün
Sosioloq: Elektron siqaret qadağası gələcək nəslin qorunması üçün mühüm addımdır

"Elektron siqaretlərlə bağlı tətbiq olunan qadağalar müsbət və zəruri addımdır".

1news.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O, bildirib ki, Azərbaycanda daha əvvəl siqaretin ictimai yerlərdə çəkilməsinin qadağan olunması artıq öz effektini göstərir:

“Artıq ictimai yerlərdə, küçələrdə insanlar yalnız müəyyən olunmuş yerlərdə siqaretdən istifadə edirlər”.

Sosioloq qeyd edib ki, elektron siqaretlərlə bağlı idxal, ixrac, saxlanma və istifadəni əhatə edən qadağalar da uğurlu qərardır:

“Bu, olduqca müsbət və uğurlu addımdır. Çünki müşahidələrimiz göstərir ki, son dövrdə gənclər arasında elektron siqaretlərdən istifadə halları kəskin şəkildə artıb. Hətta o dərəcədə artmışdı ki, demək olar, hər beş gəncdən dördü elektron siqaretdən istifadə edirdi. Bu hal yalnız oğlanlar arasında deyil, qızlar arasında da sürətlə yayılırdı. İyinin olmaması səbəbindən həm qızlar, həm də oğlanlar bunu valideynlərdən gizli şəkildə istifadə edirdilər və bu göstərici günbəgün artırdı. Bu məhsulun tərkibində zərərli komponentlər var və bu, birbaşa insan sağlamlığına mənfi təsir göstərir”.

Hüseyn İbrahimov

O qeyd edib ki, son iki ildə bu tendensiya xüsusilə yeniyetmələr və gənclər arasında sürətlə yayılıb:

“Artıq elə bir gənc və ya yeniyetmə təsəvvür etmək çətin idi ki, elektron siqaretdən istifadə etməsin. Ola bilər ki, buna öyrəşmiş gənclər üçün müəyyən sıxıntılar yaransın. Amma bu, keçici haldır və qısa zamanda aradan qalxacaq. Sosial şəbəkələrdə və təhsil müəssisələrində geniş təbliğat aparılmalıdır. Gənclərə bu vərdişlərin nə dərəcədə zərərli olduğu izah olunmalıdır. Hətta bəzi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda daha geniş yayılmışdı. Bu da onun artıq bir moda halını aldığını göstərir”.

Sosioloq Prezidentin bu sahədə qəbul etdiyi qərarı yüksək qiymətləndirib:

“Bu sərəncam gənclərin daha sağlam böyüməsi və gələcək nəslin qorunması baxımından çox mühüm addımdır.
Yeniyetmələr arasında müxtəlif qruplaşmalar yaranır, bu vərdişlər bir-birinə ötürülür və nəticədə geniş yayılır. Bu gün restoranlarda, kafe və istirahət məkanlarında qəlyandan geniş istifadə olunur. Bir nəfərin istifadə etdiyi qəlyanın təsiri ətrafdakı digər insanlara da yayılır. Qəlyan yalnız fərdi qaydada, ev şəraitində istifadə oluna bilər. İctimai məkanlardan isə yığışdırılmalıdır”.

Sonda o vurğulayıb ki, bu istiqamətdə atılan addımlar cəmiyyətin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırldaq ki, Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər