“Subway” Azərbaycan bazarına daxil olur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Subway” Azərbaycan bazarına daxil olur - FOTO

10:22 - Bu gün
“Subway” Azərbaycan bazarına daxil olur - FOTO

Beynəlxalq restoran şəbəkəsi olan “Subway” Azərbaycan bazarına daxil olduğunu elan edib.

Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi “N Sky Build MMC” şirkəti ilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, “N Sky Build” ölkə ərazisində “Subway” şəbəkəsinin inkişafı və idarə edilməsi üzrə eksklüziv hüquqlar əldə edib.

Azərbaycan brendin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda yeni təmsil olunduğu ölkəyə çevrilir.

“N Sky Build”-in sədri Nuri Qaragöz KİV-ə açıqlamasında müqavilənin imzalanmasını uzunmüddətli layihə adlandırıb.

“Subway”in Azərbaycan bazarına daxil olması şirkətimiz üçün mühüm mərhələdir. Söhbət yeni iş yerlərinin yaradılmasından, müasir idarəetmə standartlarının tətbiqindən və ölkədə ictimai iaşə seqmentinin inkişafından gedir. Biz bu layihəni iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına töhfə kimi dəyərləndiririk və şəbəkənin mərhələli genişləndirilməsini planlaşdırırıq", — Nuri Qaragöz bildirib.

Xatırladaq ki, “Subway” dünya üzrə 37 000-dən çox nöqtədə təmsil olunan, sendviçlərin hazırlanması üzrə ixtisaslaşmış ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir. Son illərdə şirkət EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun ölkələrində master-françayzinq müqavilələrinin bağlanmasını fəal şəkildə davam etdirir.

“Subway”in Azərbaycan bazarına çıxışı sürətli xidmət seqmentində rəqabəti gücləndirir və beynəlxalq brendlərin ölkəyə artan marağından xəbər verir.

Paylaş:
160

Son xəbərlər

Bütün xəbərlər