AFFA hakim səhvlərinin aradan qaldırılması üçün tədbirlər görür
AFFA Misli Premyer Liqasının oyunlarında hakim səhvlərinin aradan qaldırılması üçün tədbirlər görür.
1news.az "Report"a istinadən xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
"Hakim xətalarının aradan qaldırılması ilə bağlı tədbirlər görürük. Bunların azaldılması yönündə iş gedir. Xətasız oyunlar olmur. İslahatların əsas məqsədi qərarların maksimal dərəcədə düzgün olmasıdır", - R.Nəcəf söyləyib.
O, milli komandanın perspektivi barədə fikirlərini bölüşüb:
"Ümid edirəm ki, millimiz də böyük çempionatların final mərhələsində olacaq. Komandaların əzmkarlıq göstərdiyini görmək çox sevindirici haldır. İnkişaf gedir. Bu, azarkeşlər üçün də müsbət haldır".
R. Nəcəfin sözlərinə görə, hər bir klub ayrılan vəsaitin istifadəsi barədə mütəmadi hesabat təqdim edir:
"AFFA tərəfindən bu vəsaitlərin istifadəsinə nəzarət həyata keçirilir. Hesabatımızda da qeyd etdiyimiz kimi, uşaq futbolunun inkişafı və akademiyaların səmərəli fəaliyyəti bizim üçün prioritetdir. Bu istiqamətdə klublarla daimi dialoq şəklindəyik. Əgər vəsaitlərin düzgün istifadə edilməməsi ilə bağlı hər hansı məlumatınız varsa, bizə bildirin, minnətdar olarıq. Bizim əsas məqsədimiz şəffaflığı təmin etməkdir".
Prezident inkişaf strategiyasında nəzərdə tutulan əsas məqamlara da toxunub:
"Ölkə çempionatının yüksək səviyyədə keçirilməsi, "Qarabağ"ın və digər klublarımızın Avropa arenalarında uğur qazanması, futbolçularımızın xarici liqalara transferi, eləcə də qadın və məktəbli futbolunun inkişafı strategiyamızın əsas tərkib hissələridir".
İnfrastruktur məsələsinin ən çətin sahə olduğunu vurğulayan AFFA rəhbəri bu sahədə böyük investisiyalara ehtiyac duyulduğunu qeyd edib:
"İnfrastruktur hazırda ən yaralı yerlərdən biridir. Onun tam yenilənməsi üçün böyük vəsait tələb olunur. Hazırda sponsorların cəlb edilməsi, klubların öz gəlirlərini artırması və beynəlxalq qurumlardan gələn vəsaitlərin düzgün idarə olunması üzərində işləyirik. Strategiyamızda klubların əlavə vəsait qazanması və infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. Mövcud vəsaitlərdən maksimum səmərəli istifadə edərək bu problemləri həll etməyə çalışırıq".
Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.










