Tanınmış brendlərin adı altında saxta məhsullar - Alıcılar nəyə diqqət etməlidir? - ŞƏRH
Azərbaycanda “brend” adı ilə satılan geyim və parfümeriya məhsullarında saxtakarlıq halları geniş yayılıb.
Bir çox alıcı baha qiymətə aldıqları məhsulların əslində yerli istehsal olduğunu və keyfiyyətinin aşağı olduğunu görür. Bu vəziyyət istehlakçı hüquqlarının qorunması və bazarda şəffaflığın təmin olunması zərurətini gündəmə gətirir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov 1news.az-a verdiyi açıqlamada Azərbaycanda “brend” adı ilə satılan geyimlər və parfümeriya məhsullarında saxtakarlığın geniş yayıldığını bildi
“Ümumiyyətlə, “brend” istehlakçıların başına yeridilmiş marketoloqların nağılıdır. Brend sözü qədim skandinav dilindəki “brandr”, yəni yandırmaq, alov sözündən törəmişdir. Qədim zamanlarda atları bir-birindən ayırmaq üçün damğa vururdular”.
O qeyd edib ki, Azad İstehlakçılar Birliyinə (AİB) gələn şikayətlər arasında brend geyimlərlə bağlı müraciətlər də var.
“Hətta brend mağazadan alınır, amma şikayət yaranır. Ən çox edilən şikayətlər paltarın rəng verməsidir. Brend geyinmək insanların beyninə o qədər yeridilib ki, onları geyinməklə özlərini prestijli hesab edirlər. Düşünürəm ki, bu, biznes qurumlarının istehlakçıları aldatmaq üçün etdiyi cəhdlərdən biridir. İnsanlar geyimi isti və soyuqdan qorunmaq üçün bədənlərinə uyğun şəkildə seçməlidirlər.
Məsələn, mən Eyyub Hüseynov az yaşı olmayan bir şəxs kimi ən xoşuma gələn paltarı ən ucuz mağazalardan tapmışam. Bu o demək deyil ki, mən belə geyinmişəmsə, hamı da belə olmalıdır.
Məsələn, son şikayət belə idi ki, kimyəvi təmizləməyə şalvar-pencək verilib. Onun qiyməti 3 min dollardır. Paralel olaraq cəmiyyətdə elə bir yanaşma formalaşdırılır ki, geyimi yaxşı olan insanlara üstünlük verilir və s.”
Sədr alıcılara hüquqlarını və orijinal və saxta məhsulların xüsusiyyətlərini xatırladaraq onları aldanmamağa səsləyib.
“İstehlakçının hüququ var ki, brend geyimi tanımaq üçün malın mənşə sənədlərini istəsin. Satıcı onu göstərməyə borcludur. Lakin Azərbaycanda satılan malların 80 faizdən çoxunun satış sənədləri yoxdur.
Geyim aldıqda yaş tənzifi parçaya sürtüb rəng verib-verməməsinə baxsınlar. Rəng verirsə, deməli, saxtadır. Düymələrin tikilişinə fikir versinlər. Saplarına və etiketin tikilişinə diqqət yetirsinlər.
Uzun müddət Azərbaycanda Sahil metrosunun yaxınlığında “Birəbir” adlı mağaza fəaliyyət göstərib. Malların üzərinə brend məhsulların etiketləri asılırdı. Deyirdi ki, mən bilərək belə edirəm. Hamı bilirdi ki, saxtadır və xeyli ucuz qiymətə satılırdı.
Qanunvericilikdə bu qadağan olunmur. Əgər yalandan reklam aparılarsa və alıcılar aldadılarsa, bu artıq istehlakçı hüquqlarının pozulmasıdır.
Ayaqqabı alırlarsa, dəri olub-olmamasını yoxlamaq üçün onun kiçik bir hissəsini yandırıb qoxlamaq, pambıq parça adı altında başqa parça satılırsa, onu da yandırıb qoxlamaq olar və s.
Eləcə də brend parfümeriya sahəsində böyük saxtakarlıqlar mövcuddur. Bunun da səbəbi odur ki, Nazirlər Kabinetinin 114 saylı qərarına görə, parfümeriya dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır.
İstehlakçı alır və görür ki, qoxusu ona uyğun deyil, amma qaytara və ya dəyişdirə bilmir. Bütün bunların düzəlməsi üçün ölkədə mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır”.
Ekspert sonda mövzu ilə bağlı qanunvericilikdə olan boşluqlara diqqət çəkib.
“Qanunvericilik buna qarşı müəyyən tədbirlər görə bilər. İnzibati Xətalar Məcəlləsində istehlakçının aldadılması ilə bağlı ayrıca maddə var. Əslində dövlət orqanları birtərəfli siyasət yeridir, yəni biznesin inkişafı siyasəti. İstehlakçı hüquqları arxa plandadır. Ona görə də bir çox yerdə saxta brend etiketli mallara rast gələ bilərik. Sadəcə olaraq istehlakçılar diqqətli olsun”.









