ADSEA-dan kollektor üzərində tikilən evlərlə bağlı açıqlama: “Sakinlər dəfələrlə xəbərdar edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

ADSEA-dan kollektor üzərində tikilən evlərlə bağlı açıqlama: “Sakinlər dəfələrlə xəbərdar edilib”

Oksana Orucova12:39 - Bu gün
ADSEA-dan kollektor üzərində tikilən evlərlə bağlı açıqlama: “Sakinlər dəfələrlə xəbərdar edilib”

Son günlərin ən aktual mövzuları kanalizasiya kollektorları üzərində tikilən qanunsuz tikililərdir.

Keşlə qəsəbəsində ikimərtəbəli evin sökülməsi, Xətaidə yerləşən, kollektor üzərində tikilmiş bir neçə evin aqibəti sosial mediada böyük rezonans doğurub.

Kanalizasiya kollektoru üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı yaranmış vəziyyətlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq.

Qurumdan 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı bəzi suallar onların səlahiyyətlərinə aid deyil.
"Belə ki, tikintiyə vaxtilə necə icazə verilməsi, bu prosesə hansı qurumların nəzarət etməli olduğu, eləcə də sökülən və ya qəzalı vəziyyətə düşən evlərin sakinlərinin taleyi, onlara kompensasiya və ya alternativ yaşayış yerinin təqdim edilib-edilməməsi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin səlahiyyətlərinə daxil deyil".

Bununla yanaşı, qurum kollektor üzərində yerləşən tikililərlə bağlı risklərin əvvəlcədən dəfələrlə sakinlərin diqqətinə çatdırıldığını vurğulayıb.

Bildirilib ki, həmin ərazilərdə yaşayan vətəndaşlara illər ərzində həm yazılı, həm də şifahi formada çoxsaylı xəbərdarlıqlar edilib, rəsmi bildirişlər təqdim olunub.

Açıqlamaya görə, sakinlərə bu ərazidə hər an qəza baş verə biləcəyi, eləcə də mövcud tikililərin kollektorun istismarına, təmir və bərpa işlərinə ciddi maneələr yaratdığı dəfələrlə izah olunub. Xüsusilə qeyd edilib ki, onilliklər əvvəl inşa edilmiş evlərin sahiblərinə su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin, eləcə də onların mühafizə zolaqlarının üzərində hər hansı tikinti və ya qazıntı işlərinin aparılmasının qanunvericiliyə zidd olduğu bildirilib.

Qurumdan o da əlavə olunub ki, edilən xəbərdarlıqlardan sonra məsələ hüquqi müstəviyə keçirilib və hazırda bəzi ünvanlarla bağlı məhkəmə prosesləri davam edir.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər