Pezeşkian: Atəşkəs İran üçün böyük nailiyyətdir
“İranın nəzərdə tutduğu bütün prinsiplərin qəbul edilməsi ilə atəşkəsin tətbiq olunması ölkəmiz üçün böyük nailiyyətdir”.
1news.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, bu gündən etibarən İranda həm diplomatiya, həm müdafiə, həm küçələrdə, həm də xidmət sahələrində vətəndaşlar bir-birinin yanında olacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, zərbələr ölkənin böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev bu hücumları İranın raket və nüvə təhdidləri ilə əsaslandırıb. Əməliyyat nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei və bəzi digər yüksək vəzifəli şəxslər həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatlarını açıqlayıb, ölkə həmçinin ballistik və qanadlı raketlər, pilotsuz uçuş aparatları ilə ABŞ-nin bir sıra region ölkələrindəki obyektlərini hədəfə alıb.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı risk altında olub, Hörmüz boğazı ətrafındakı gərginlik isə dünya bazarında neft qiymətlərinin kəskin artmasına səbəb olub.
Aprelin 7-də ABŞ və İran müvəqqəti, təxminən iki həftəlik atəşkəs barədə razılığa gəlib. Razılaşmaya Pakistan vasitəçilik edib. Atəşkəsin əsas şərtlərindən biri İranın Hörmüz boğazını beynəlxalq gəmiçilik üçün açmasıdır. Tərəflər bu müddət ərzində hücumları dayandıraraq danışıqlara hazırlaşacaqlar.












