ABŞ, İsrail və İran atəşkəs: Bu müharibədə qalib yoxdur - ŞƏRH
ABŞ, İsrail və İran arasında əldə olunmuş 15 günlük atəşkəs razılaşması regionda nisbi sabitlik yaratsa da, onun davamlılığı və real təsiri ilə bağlı ciddi suallar qalmaqdadır.
Analitiklər və politoloqlar bildirirlər ki, razılaşmanın detalları tam açıqlanmayıb və tərəflərin gələcək davranışları hələlik məlum deyil.
Hazırkı atəşkəs müvəqqəti xarakter daşıyır və uzunmüddətli sülhün təmin olunub-olunmayacağı barədə konkret proqnoz vermək çətindir.
Ekspertlər həmçinin vurğulayırlar ki, bu razılaşma regionda gərginliyin azalmasına müvəqqəti təsir edə bilər, lakin tərəflər arasında əsas problemlər – nüvə proqramı, hərbi sənaye və strateji nəzarət sahələri – hələ də həllini tapmayıb. Buna görə də prosesin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini görmək üçün zaman və əlavə diplomatik addımlar tələb olunur.
Məsələ ilə bağlı 1news.az-a danışan politoloq Qədir Aslan deyib ki, atəşkəs sabit deyil, detallar isə qeyri-müəyyən olaraq qalıb:
“Atəşkəs müqaviləsi sabit deyil və maddələri tam bəlli deyil. Bu barədə saxta məlumatlar yayılır. ABŞ prezidenti Donald Trump bəzi iddiaları təkzib edib. Onun açıqlamasına görə, Hörmüz boğazına nəzarətdə ABŞ də iştirak edəcək. İranın yenidən qurulmasında da ABŞ-nin iştirakı mümkündür. Bu isə ölkə daxilində yeni qüvvələrin hakimiyyətə gəldiyini göstərə bilər. Lakin hələlik qəti nəticə çıxarmaq çətindir”.
Politoloq həmçinin qeyd edib ki, Orta Dəhliz məsələsi öz aktuallığını qorumağa davam edəcək:
“İstənilən halda Azərbaycanın Arazın şimalında həyata keçirdiyi quruculuq işləri, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış, nəqliyyat-kommunikasiya xətlərinin açılması və meqalayihələrin icrası davam edəcək. Orta dəhliz öz aktuallığını qoruyacaq və beynəlxalq ticarət üçün əhəmiyyətli olaraq qalacaq”.
Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı verdiyi açıqlamasında, bu müharibədə qalibin olmadığını, atəşkəsin isə müvəqqəti olduğunu bildirib.
“Bu müharibədə qalib yoxdur. Tərəflər qazandıqlarını iddia etsələr də, nə ABŞ və İsrail Tehrana, nə də İran qarşı tərəfin paytaxtlarına nəzarət edə bilib. Müharibə nəticəsində İranın nüvə proqramı və hərbi sənayesi zərər görüb, lakin rejim ayaqda qalıb.
Əgər İran yenidən uranın zənginləşdirilməsinə və ballistik raket istehsalına başlasa, bu, ABŞ və İsrail üçün əldə olunan nəticələri zəiflədə bilər. Digər tərəfdən, İran ciddi iqtisadi çətinliklərlə üzləşib. İnflyasiya, sosial problemlər və müharibənin nəticələri vəziyyəti daha da ağırlaşdırıb. Xarici investisiyaların, o cümlədən Çinin dəstəyi qeyri-müəyyən olaraq qalır.
Ümumilikdə, bu atəşkəs müvəqqəti xarakter daşıyır və onun uzunmüddətli sülhə çevriləcəyi hələlik sual altındadır”.












