Siyasi iradə, texnoloji üstünlük və milli birlik: Mürəkkəb münaqişələrin həllində Azərbaycan modeli - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Siyasi iradə, texnoloji üstünlük və milli birlik: Mürəkkəb münaqişələrin həllində Azərbaycan modeli - ŞƏRH

Oksana Orucova15:00 - Bu gün
Siyasi iradə, texnoloji üstünlük və milli birlik: Mürəkkəb münaqişələrin həllində Azərbaycan modeli - ŞƏRH

“Müasir beynəlxalq münasibətlər sistemində münaqişələrin uzanması, onların “dondurulmuş” və ya aşağı intensivlikli qarşıdurma formatına keçməsi artıq adi hal kimi qiymətləndirilir”

Bunu 1news.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

“Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli xarakter alması, ağır humanitar və iqtisadi nəticələr doğurması, həmçinin İran ilə ABŞ və İsrail arasında davam edən gərginlik fonunda qlobal qeyri-müəyyənlik daha da dərinləşir”.

O, bildirib ki, belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın İkinci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində əldə etdiyi qısa müddətli və qəti qələbə xüsusi diqqət çəkir.

“Azərbaycan bu nəticəyə təsadüfi deyil, bir neçə əsas amilin sintezi sayəsində nail olub” – deyə T.İsmayılov əlavə edib:

“İlk növbədə, hərbi-strateji transformasiya xüsusi rol oynadı. Azərbaycan klassik ordu modelindən uzaqlaşaraq texnologiyaya əsaslanan, çevik və yüksək dəqiqlikli əməliyyatlar aparan müasir hərbi sistem formalaşdırdı. Pilotsuz uçuş aparatlarının effektiv tətbiqi döyüş meydanında üstünlük yaratdı.

İkinci mühüm amil siyasi iradə və qərarvermədə ardıcıllıq idi. Xüsusilə İlham Əliyevin liderliyi dövründə diplomatik, informasiya və hərbi istiqamətlər arasında tam koordinasiya təmin olundu. Bu, hərbi uğurların dərhal siyasi nəticəyə çevrilməsinə imkan verdi.

Üçüncü faktor milli birlik və ictimai dəstək idi. Uzun illər davam edən işğal Azərbaycan cəmiyyətində vahid məqsəd formalaşdırmışdı və bu birlik müharibə zamanı açıq şəkildə özünü göstərdi.

Dördüncü, vacib məqam geosiyasi balansın düzgün qurulmasıdır. Azərbaycan böyük güclər arasında balanslı siyasət yürüdərək kənar müdaxilələrin qarşısını minimuma endirə bildi”.

Politoloq qeyd edib ki, bütün bu amillər nəticəsində Azərbaycan “uzanan müharibə” ssenarisindən yayınaraq qısa, intensiv və nəticəverici əməliyyat modeli tətbiq edə bildi.

Onun sözlərinə görə, bu təcrübə müəyyən mənada digər münaqişələr üçün də nümunə sayıla bilər:

“Azərbaycan modeli göstərdi ki, güclü siyasi iradə, texnoloji üstünlük, milli konsolidasiya və diplomatik çeviklik olduqda, hətta mürəkkəb münaqişələr belə qısa müddətdə həll edilə bilər. Lakin hər bir münaqişənin özünəməxsus reallıqları nəzərə alınmalıdır”.

Tural İsmayılovun fikrincə, Azərbaycanın əldə etdiyi bu nəticə müasir qeyri-sabit dünya şəraitində nadir, lakin öyrənilməsi vacib olan uğurlu təcrübədir.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər