Yunanıstan 15 yaşadək uşaqlar üçün sosial medianı qadağan edir
Yunanıstan hökuməti 15 yaşadək uşaqlar üçün sosial mediaya çıxışı qadağan etməyə hazırlaşır.
1news.az xarici mediaya istinadən xəbər verir ki, qərarın 1 yanvar 2027-ci ildən qüvvəyə minəcəyi açıqlanıb.
Yunanıstanın baş naziri Kiryakos Mitsotakis bildirib ki, qadağa uşaqlar arasında artan psixoloji problemlərlə bağlıdır. Onun sözlərinə görə, sosial media istifadəsi narahatlıq pozuntularının artmasına, yuxu problemlərinə və onlayn platformalara asılılığa səbəb olur.
Baş nazir qeyd edib ki, bu qərar çətin olsa da, zəruridir. “Məqsədimiz Avropa İttifaqını da bu istiqamətdə addım atmağa təşviq etməkdir. Bilirəm ki, bir çox uşaq bu qərardan narazı qalacaq. Amma bizim vəzifəmiz hamını razı salmaq deyil, düzgün qərarlar qəbul etməkdir”, – deyə o bildirib.
Mitsotakis əlavə edib ki, valideynlərlə apardığı söhbətlər zamanı uşaqların yuxu rejiminin pozulduğu, tez stresə düşdüyü və daim telefonlardan istifadə etdiyi tez-tez vurğulanır. Onun sözlərinə görə, uşaqların zehni kifayət qədər istirahət edə bilmir.












