Ceyhun Bayramov İsveçrənin dövlət katibinin müavini ilə görüşüb - FOTO
15 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pier-İv Fuksu qəbul edib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı, Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini, beynəlxalq təşkilatlar və platformalar çərçivəsində aparılan işləri, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədrliyi üzrə planları nəzərdən keçiriblər.
Bununla yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın irəlilətdiyi sülh gündəliyi, həyata keçirdiyi bərpa və quruculuq işləri, eləcə də minasızlaşdırma fəaliyyəti müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Eyni gündə, Azərbaycan və İsveçrə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Fariz Rzayev, İsveçrə tərəfindən isə dövlət katibinin müavini Pier-İv Fuks rəhbərlik edib.














