Leonardo da Vinçinin 500 il əvvəlki proqnozu təsdiqləndi
İtaliyalı alim və rəssam Leonardo da Vincinin təxminən 500 il əvvəl irəli sürdüyü ürək quruluşu ilə bağlı fikir müasir alimlər tərəfindən təsdiqlənib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, o, ürəyi yaxından araşdırıb disseksiya etdikdən sonra, krujeva və qar dənəsini xatırladan incə əzələ liflərini – trabekulları təsvir etmişdi. Da Vinçi ürəyi “möhtəşəm bir mexanizm” kimi xarakterizə edirdi.
Müasir tədqiqatlar göstərir ki, bu dallanmış əzələ strukturları ürəyin fəaliyyətində mühüm rol oynayır və ürək-damar xəstəlikləri riskinə təsir edə bilər. Araşdırmada fraktal analiz, maqnit-rezonans görüntüləmə və geniş kompüter modelləşdirməsindən istifadə olunub.
Nature jurnalında dərc olunan tədqiqatda qeyd olunur ki, insan ürəyinin daxili səthi mürəkkəb əzələ lifləri şəbəkəsi ilə örtülüdür və bu strukturların funksiyası uzun müddət tam aydın olmayıb. Tədqiqatçılar 18 mindən çox insanın məlumatlarını analiz edərək trabekulların ürək performansına təsirini müəyyən ediblər.
Alimlərin sözlərinə görə, bəzi trabekul quruluşları ürək-damar xəstəlikləri riskini artıra bilər. Araşdırma zamanı həmçinin qan axını və hüceyrə quruluşu ilə əlaqəli 16 gen sahəsi müəyyən edilib.
Qeyd edək ki, trabekullar ağac budaqları kimi şaxələnən fraktal quruluşa malikdir və bu xüsusiyyət ürəyin iş mexanizmini daha yaxşı anlamağa kömək edir.
Bu nəticələr bir daha Leonardo da Vinçinin elmi uzaqgörənliyini təsdiqləyir.












