Kahramanmaraşda məktəb hücumu: 2 ayrı psixoloq xəbərdarlıq etmişdi
Kahramanmaraş Respublika Prokurorluğu Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində mühüm açıqlama yayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bildirilib ki, 15 aprel 2026-cı il tarixində baş verən hadisəni törədən İsa Aras Mersinlinin sağlamlıq vəziyyəti ilə bağlı bütün məlumat və sənədlər müvafiq tibb müəssisələrindən toplanaraq araşdırılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, hadisədən əvvəl iki ayrı qurumda çalışan psixoloqlar tərəfindən uşağın uşaq psixiatriya poliklinikasında müalicəyə ehtiyacı olduğu barədə diaqnoz və tövsiyələr verilib.
Lakin anası P.P.M-nin bu tibbi tövsiyələri nəzərə almadığı və uşağın psixiatriya müayinəsinə aparılmadığı müəyyən olunub. Prokurorluğun açıqlamasına görə, bu laqeydlik nəticəsində şübhəlinin ağır cinayəti törətməsinə səbəb olan psixoloji problemlərin müalicəsiz qaldığı qənaətinə gəlinib.
Bu əsasla, ananın səhlənkarlıq göstərdiyi və bunun ağır nəticələrə səbəb olduğu nəzərə alınaraq, onun həbs edilməsi tələbi ilə məhkəməyə müraciət olunub. Növbətçi Sülh Cinayət Hakimliyi tərəfindən aparılan sorğu nəticəsində P.P.M-nin Cinayət Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən həbsinə qərar verilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, məktəbdə baş verən silahlı hücum nəticəsində 1 müəllim və 8 şagird olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. Hadisədən sonra hər iki valideyn saxlanılmış, ata həbs edilmiş, ana isə ilkin mərhələdə sərbəst buraxılmışdı.
Ədliyyə naziri Akın Gürlek də məsələ ilə bağlı açıqlamasında valideynlərin səhlənkarlığının olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşağın psixoloji problemləri ilə bağlı xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Bundan əlavə, evdə 5 ədəd silahın aşkarlandığı və silahların saxlanması qaydaları ilə bağlı ciddi problemlərin olduğu qeyd edilib.
İstintaqın bütün istiqamətlər üzrə davam etdiyi bildirilir.












