Şruti Narayan: “Şəhər dizaynı və tikinti sahələri ekoloji yanaşmalar nəzərə alınmaqla planlaşdırılmalıdır”
“Biz əminik ki, təbiətyönümlü həllərin sistemli şəkildə tətbiqinin ilk addımı məlumatlara və sübut bazasına əsaslanan yanaşmadır”.
1news.az-ın müxbiri xəbər verir ki, bunu C40 Cities təşkilatının regionlar və şəhər merləri ilə əlaqələr üzrə idarəedici direktoru Şruti Narayan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində təşkil olunan “Mənzil iqlim dəyişikliyi ilə mübarizənin ön xətti kimi” adlı panel sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər bir şəhərin spesifik xüsusiyyətlərini anlamaq son dərəcə vacibdir: hansı təbiətyönümlü həllərə ehtiyac olduğu, onların harada və nə üçün tətbiq edilməsinin zəruriliyi dəqiq müəyyənləşdirilməlidir.
“Bizim fikrimizcə, bu yanaşma həm iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, həm də onlara davamlılığın artırılması tədbirlərini özündə birləşdirən iqlim fəaliyyətlərinin planlaşdırılmasından irəli gəlməlidir”, — deyə o bildirib.
Ş.Narayan əlavə edib ki, bundan çıxış edərək diqqət təbiətyönümlü həllərin şəhərsalma proseslərinə sistemli inteqrasiyasına və onların praktiki tətbiqinə yönəlir. Onun fikrincə, bu, iqlimə davamlı şəhərlərin formalaşdırılmasının ən vacib komponentlərindən biridir və eyni zamanda mənzil sektoru üçün dayanıqlı sosial infrastruktur yaradır.
“Son bir neçə gündə aparılan müzakirələr də göstərdi ki, bu məsələlərə bir-birindən ayrı yanaşmaq mümkün deyil. İqlimə davamlılıq və mənzil təminatı sıx qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir”, - deyə C40 Cities nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, artıq bu yanaşmanı seçən bir çox şəhərin nümunələri mövcuddur. Belə ki, bəzi şəhərlər təbiətyönümlü həllərin daha effektiv tətbiqi üçün tikinti sahələrinin və şəhər dizaynının necə planlaşdırılmalı olduğunu təhlil ediblər.
“Biz həmçinin Medellin kimi şəhərlərin təcrübəsini görürük. Sonradan həmin şəhərlər etiraf etdilər ki, onların şəhər mühiti kifayət qədər yaşıl infrastruktur elementlərini, binaların vertikal yaşıllaşdırılmasını və şəhər mühitinin regenerasiyası tədbirlərini əhatə etmirdi. Medellinin ‘yaşıl dəhlizlər’ təşəbbüsü bu baxımdan parlaq nümunəyə çevrildi - bu gün dünyanın bir çox şəhərləri həmin layihəni örnək götürür və öz şəraitinə uyğunlaşdırır”, - deyə Şruti Narayan yekunlaşdırıb.












