Anaklaudiya Rossbax şəhər transformasiyasının üç əsas sütununu açıqlayıb: tanınma, inteqrasiya və maliyyə | 1news.az | Xəbərlər
Siyasət

Anaklaudiya Rossbax şəhər transformasiyasının üç əsas sütununu açıqlayıb: tanınma, inteqrasiya və maliyyə

Faiqə Məmmədova10:59 - Bu gün
Anaklaudiya Rossbax şəhər transformasiyasının üç əsas sütununu açıqlayıb: tanınma, inteqrasiya və maliyyə

“Qeyri-formal yaşayış məntəqələrinə yatırılan investisiyalar yalnız sosial xərclər kimi qiymətləndirilməməlidir - onlar iqtisadi investisiya kimi qəbul olunmalıdır”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dördüncü günü çərçivəsində bildirib.

“Bu icmalara investisiya yatırdığınız zaman güclü multiplikativ effekt yaranır: yeni iş yerləri açılır, yerli iqtisadiyyat inkişaf edir və bunun müsbət təsiri milli ÜDM-də də əks olunur”, - deyə A.Rossbax qeyd edib.

BMT nümayəndəsinin sözlərinə görə, dünyada qeyri-formal yaşayış məntəqələrinin modernləşdirilməsi ilə bağlı çoxsaylı uğurlu nümunələr mövcuddur. Bu proseslərdə icmalar özləri mühüm təşəbbüslərlə çıxış edib, yerli hakimiyyət orqanları isə effektiv proqramlar hazırlayıblar. Bir sıra ölkələr artıq gecəqonduların modernləşdirilməsi strategiyalarını milli səviyyədə tətbiq edir və bu cür layihələr dünyanın müxtəlif bölgələrində uğurla həyata keçirilir.

“Lakin qlobal ictimaiyyət olaraq biz hələ də bu problemi sistem səviyyəsində həll edə bilməmişik. Ayrı-ayrı uğurlu layihələri sistemli dəyişikliklərə çevirə bilməmişik. Bu məsələni milli sistemlərə, qanunvericiliyə, normativ aktlara, maliyyə strukturlarına və yerli özünüidarəetmə mexanizmlərinə tam şəkildə inteqrasiya edə bilməmişik”, — deyə o bildirib.

UN-Habitat rəhbəri vurğulayıb ki, Yeni Şəhərsalma Proqramının aralıq icmal mərhələsinə yaxınlaşdığımız bir vaxtda dürüst olmaq lazımdır: dünya ictimaiyyəti bu istiqamətdə uğursuzluğa düçar olub. Onun fikrincə, artıq gözləmək mümkün deyil, çünki söhbət humanitar məsələdən və insan hüquqlarından gedir.

Bu kontekstdə A.Rossbax üç əsas istiqaməti xüsusi qeyd edib:

Birinci - tanınma. O bildirib ki, məlumat və statistika həlledici əhəmiyyət daşıyır. Onlarsız Dayanıqlı İnkişaf Məqsədi 11-in icrasını izləmək və effektiv siyasət formalaşdırmaq mümkün deyil. Tanınma həm qlobal, həm milli, həm şəhər hakimiyyəti, həm də milli statistika sistemləri səviyyəsində təmin edilməlidir.

“Biz qəbul etməliyik ki, bu ərazilər yalnız məhrumiyyət zonaları deyil, eyni zamanda imkan məkanlarıdır. Qlobal Cənub ölkələrinin sakinləri şəhərlərə köçməyə davam edirlər, çünki qeyri-formal yaşayış məntəqələri onlara natamam da olsa təhsil, iş, səhiyyə və digər imkanlara çıxış yaradır. Biz həmçinin qəbul etməliyik ki, torpaq həm sosial, həm də ekoloji funksiyaya malikdir. Bir çox hallarda bu spontan məskunlaşmalar alternativ olmadığı üçün yaranıb. Artıq formalaşmış yaşayış məntəqələrində reallığı görməzdən gəlmək yox, problemləri yerində həll etmək lazımdır”, - deyə o bildirib.

İkinci - inteqrasiya. Rossbax qeyd edib ki, burada kompleks yanaşma və bütün sektorların birgə fəaliyyəti tələb olunur. Söhbət bütöv icmaların transformasiyasından gedir — onların xidmətlərlə, sosial obyektlərlə, istirahət məkanları, mədəniyyət və idman infrastrukturu, eləcə də nəqliyyat əlçatanlığı ilə təmin olunmasından.

Bu çərçivədə rəsmi və qeyri-rəsmi nəqliyyat sistemlərinin inteqrasiyası da vacib hesab olunur. Onun sözlərinə görə, Asiya, Afrika və Latın Amerikasında bunun uğurlu nümunələri mövcuddur. Qeyri-rəsmi nəqliyyat çox zaman boşluqları doldurmaq üçün yaranır və sonradan rəsmi şəhər sistemlərinə inteqrasiya edilə bilər.

“Bu prosesə ayrı-ayrı pilot layihələr prizmasından yanaşmaq olmaz - yanaşma tamamilə sistemli olmalıdır”, - deyə UN-Habitat rəhbəri vurğulayıb.

Üçüncü - maliyyə. Rossbax bildirib ki, bu istiqamətdə iş böyük maliyyə resursları tələb edir. Bununla belə, bir çox icmalar insanların kollektiv təşkilatlanmasının nə qədər böyük imkanlar yaratdığını artıq nümayiş etdirib.

Onun sözlərinə görə, sosial hərəkatlar, yerli təşəbbüslər və icma əsaslı təşkilatlar innovativ maliyyələşdirmə mexanizmləri hazırlayıblar. Şəhərlər torpaq təminatı əsasında maliyyələşmə mexanizmlərindən, əmlak vergilərindən və abadlıq məqsədli xüsusi yığımlardan istifadə edirlər. Kolumbiya bələdiyyə gəlirlərinin artırılması baxımından uğurlu nümunələr təqdim edir. Braziliya, İndoneziya və Cənubi Afrika kimi ölkələr isə milli səviyyədə genişmiqyaslı layihələrə ciddi dövlət investisiyaları yönəldiblər.

Bununla yanaşı, icraçı direktor əlavə edib ki, təkcə maliyyə kifayət deyil - aydın hüquqi və tənzimləyici mexanizmlər də vacibdir. Buraya zonalaşdırma sistemləri, kommunal xidmət qaydaları və hökumətlərin icmaları xidmətlərə qoşmasına, onları şəhər həyatına tam inteqrasiya etməsinə imkan verən idarəetmə strukturları daxildir.

“Bütün səviyyələrdə həll yolları mövcuddur: icma təşəbbüsləri, şəhər proqramları, milli strategiyalar, innovativ maliyyə modelləri və dünyanın müxtəlif yerlərində uğurlu pilot layihələr. Hazırda ehtiyac duyduğumuz əsas məsələ ayrı-ayrı uğur hekayələrindən sistemli transformasiyaya keçmək üçün siyasi iradənin nümayiş etdirilməsidir. Sevindirici haldır ki, mən bu siyasi iradənin formalaşdığını artıq görürəm. Lakin bunun əsasında ən yüksək səviyyədə liderlik dayanmalıdır”, - deyə A.Rossbax yekunlaşdırıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər