Filippində hərbi təlim təyyarəsi qəzaya uğradı
Filippinin Benqet əyalətində hava qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 hərbçi yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Filippin Hərbi Hava Qüvvələrinə aid SF260 tipli təlim təyyarəsi Tuba qəsəbəsində yerləşən dağlıq və meşəlik əraziyə düşüb. Hadisə nəticəsində təyyarədə olan iki hərbi personal müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilib ki, təyyarə Batanqas şəhərindəki Fernando Hərbi Hava Bazasında havaya qalxıb. Təyyarənin sonuncu dəfə Loakan Hava Limanı yaxınlığında müşahidə edildiyi, daha sonra isə radardan itdiyi qeyd olunub.
Hadisə yerinə göndərilən xilasedici və təcili yardım qrupları yaralıları ərazidən təxliyə edib. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.












