Ermənistanda parlament seçkiləri başa çatıb - YENİLƏNİB
Ermənistanda parlament seçkiləri başa çatıb, ölkə üzrə 2005 seçki məntəqəsi saat 20:00-da bağlanıb.
1news.az xəbər verir ki, səsvermə məntəqələri bağlansa da, həmin vaxtadək növbədə olan vətəndaşların səs vermək hüququ saxlanılıb.
Saat 17:00-a olan məlumata görə, seçici fəallığı 48,92% təşkil edib və 1 milyon 224 min 957 nəfər səs verib. Müşahidəçilər əvvəlki iki parlament seçkisi ilə müqayisədə seçici fəallığının nisbətən yüksək olduğunu bildirirlər.
Günün gedişində Korrupsiyaya Qarşı Mübarizə Komitəsi müxalifət qüvvələri ilə əlaqəli olduğu iddia edilən onlarla şəxsin saxlanıldığını açıqlayıb. Onlar seçkiöncəsi qanun pozuntularında ittiham olunurlar.
Müxalifət isə öz növbəsində genişmiqyaslı pozuntular və hakimiyyət tərəfindən inzibati resurslardan istifadə edildiyini iddia edir.
Ümumilikdə səsvermədə iştirak üçün 2 milyon 503 min 976 vətəndaş qeydə alınıb. Seçkilərdə 2 blok və 16 partiya mübarizə aparır.
****
08:52
Ermənistanda parlament seçkiləri başlayıb və vətəndaşlar artıq səsvermə məntəqələrinə üz tutublar.
1news.az-ın “Armenpress"ə istinadən məlumatına görə , səsvermə saat 08:00-da başlayıb və saat 20:00-a qədər davam edəcək, ardınca səslər sayılacaq.
Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin verdiyi məlumatlara görə, Ermənistanda parlament seçkilərində 2 milyon 489 min 31 nəfər səs vermək hüququna malikdir.
Seçicilər bülletendə yer alan 18 siyasi partiya və ittifaq arasında seçim edirlər. Qanunvericiliyə əsasən, əlavə mandatların verilməsi üçün xüsusi normativlər tətbiq olunmadığı halda, parlamentə azı 105 deputat seçiləcək. Ermənistan Milli Məclisi proporsional seçki sistemi üzrə, yəni yalnız partiya siyahıları əsasında formalaşır
Milli Məclisin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır. Onlardan 16-sı siyasi partiya, 2-si isə partiya ittifaqıdır. Parlamentə keçid üçün müəyyən edilmiş baryer partiyalar üçün 4 faiz, ittifaqlar üçün isə 8 faiz təşkil edir.
Vətəndaşlar və media əsas favoritlər kimi üç siyasi qüvvəni önə çəkir. Bunlar hazırkı Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, Samuel Karapetyanın “Güclü Ermənistan” alyansı və sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” alyansıdır. Hazırda ölkə üzrə səsvermə prosesi davam edir və seçicilərin fəal şəkildə məntəqələrə gəldiyi müşahidə olunur.












