7 dəqiqəyə 88 milyon avroluq xəzinəni oğurladılar: Qarşılığında cəmi 25 min avro alacaqdılar
Ötən ilin oktyabrında Parisdəki Luvr Muzeyində baş vermiş və təxminən 88 milyon avro dəyərində tarixi zinət əşyalarının oğurlanması ilə nəticələnən soyğunla bağlı istintaq çərçivəsində şübhəlilərin ifadələri məlum olub.
1news.az xəbər verir ki, bu barədə Le Monde nəşri dindirmə protokollarına istinadən məlumat yayıb.
Məlumata görə, oğurluqda təqsirləndirilən iki nəfər əməliyyatı təşkil etməkdə şübhəli bilinən şəxsin ələ keçirilən qəniməti kifayət hesab etmədiyini və onlara "Daha çoxunu götürə bilərdiniz" dediyini bildirib.
İstintaq materiallarına əsasən, yerli mətbuatda Abdoulaye N. və Ghelamallah A. kimi təqdim olunan şübhəlilər Luvrun Apollon Qalereyasına kimliyini açıqlamadıqları üçüncü şəxsin göstərişi ilə daxil olduqlarını deyiblər.
Onların sözlərinə görə, oğurluqdan bir neçə gün əvvəl qalereyada çəkilmiş video əsasında hazırlıq görülüb. Onlara vitrinləri sındıraraq içəridəki zinət əşyalarını götürmək tapşırılıb.
Şübhəlilər soyğun zamanı taclar, boyunbağılar, sırğalar və broşlardan ibarət səkkiz eksponatı ələ keçiriblər.
Lakin hadisə yerindən qaçarkən Napoleonun həyat yoldaşı imperatriça Eugeniyaya məxsus qiymətli daşlarla bəzədilmiş tarixi tac çantadan yerə düşərək ciddi zədələnib.
Abdoulaye N. dindirmə zamanı tacın məhz onun çantasından düşdüyünü etiraf edərək, "Etdiyimiz düzgün deyildi. Bu, çox ciddi hadisədir", - deyə bildirib.
Şübhəlilərin ifadəsinə görə, onlar muzeyə yük lifti vasitəsilə daxil olub, Apollon Qalereyasının pəncərəsini sındıraraq içəri keçiblər. Oğurluq əməliyyatı ümumilikdə yeddi dəqiqə davam edib.
Abdoulaye N. bildirib ki, qalereyada yalnız vitrinlər işıqlandırılmışdı və o, mühafizəçilərin uzaqda hərəkət etdiyini görürdü.
Onun sözlərinə görə, plan üzrə əməliyyat ən çox üç dəqiqə çəkməli idi.
"Mümkün qədər çox zinət əşyası götürməli idik. Üç dəqiqəni keçsəydik, yaxalanacağımızı bilirdik. Məncə, içəridə lazım olduğundan artıq qaldıq", - deyə o qeyd edib.
Abdoulaye N. maddi çətinliklər səbəbindən soyğunda iştirak etməyə razılaşdığını, bunun müqabilində isə ona 15-20 min avro, hətta qənimətin dəyərindən asılı olaraq daha yüksək məbləğ vəd edildiyini iddia edib.
Digər şübhəli Ghelamallah A. isə əvvəlcə hədəfin Luvr Muzeyi olduğunu bilmədiyini, ona Parisdə yerləşən zərgərlik emalatxanasının qarət ediləcəyinin deyildiyini bildirib.
"Luvr olduğunu bilsəydim, ora heç vaxt getməzdim", - deyə o vurğulayıb və bu işə görə 20-25 min avro qarşılığında razılaşdığını söyləyib.
Hər iki şübhəli oğurlanan zinət əşyalarının sonrakı taleyindən xəbərsiz olduqlarını iddia edib. Onlar həmçinin əməliyyatı planlaşdırdığı bildirilən şəxsin kimliyini ailələrinin təhlükəsizliyindən narahat olduqları üçün açıqlamaqdan imtina ediblər.
Abdoulaye N. həbsdə olduğu müddətdə kənardan onunla əlaqə saxlayan şəxslərin "Sus" mesajı göndərdiklərini də bildirib.
Bununla yanaşı, Le Monde qeyd edib ki, istintaqı aparan orqanlar şübhəlilərin həqiqətən də üçüncü şəxsin tapşırığı ilə hərəkət etdikləri barədə iddianı hələlik təsdiqləməyiblər.












