Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” başlayıb
Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbir işinə başlayıb.
1news.az xəbər verir ki, tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Mərkəzi Bankı, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.
Bildirilib ki, sammitin əsas məqsədi qlobal maliyyə və bankçılıq trendlərinin təhlili, regional maliyyə inteqrasiyasının təşviqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və dayanıqlılığın artırılması, həmçinin şəbəkələşmə və strateji tərəfdaşlıqların formalaşdırılmasıdır.
Qeyd olunub ki, tədbir çərçivəsində müxtəlif və nüfuzlu auditoriyanın iştirakı ilə yüksək səviyyəli siyasət müzakirələri, panel sessiyalar və B2B görüşlər keçiriləcək.
Sammitdə bank rəhbərləri və maliyyə institutlarının nümayəndələri, texnologiya təminatçıları, tənzimləyici qurumlar və siyasətçilər, sənaye və peşəkar assosiasiyalar, FinTech şirkətləri və startaplar, beynəlxalq və çoxtərəfli təşkilatlar, ekspertlər, investorlar və inkişaf institutlarının iştirakı nəzərdə tutulur.
Ümumilikdə, tədbirin regional maliyyə liderlərini və beynəlxalq ekspertləri bir araya gətirərək daha inteqrasiya olunmuş, dayanıqlı və qlobal səviyyədə əlaqəli maliyyə məkanına dair ortaq baxışın formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.












