ABŞ-də yemək festivalında silahlı hücum: 2 ölü, 5 yaralı | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də yemək festivalında silahlı hücum: 2 ölü, 5 yaralı

Oksana Orucova10:00 - Bu gün
ABŞ-də yemək festivalında silahlı hücum: 2 ölü, 5 yaralı

ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində keçirilən "Bite of Seattle" yemək festivalında baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Sietl Yanğınsöndürmə İdarəsinin sözçüsü Qreys Nunesin verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 19:00 radələrində şəhərin məşhur Speys Nidl adlanan müşahidə qülləsinin yaxınlığında təşkil olunan festival zamanı baş verib.

Onun sözlərinə görə, iki nəfər hadisə yerində ölüb, yaralanan beş nəfərdən biri ağır vəziyyətdə olmaqla xəstəxanaya çatdırılıb.

Xəstəxananın sözçüsü Syuzan Qreq bildirib ki, yaralılar qol, qarın və ayaq nahiyələrindən güllə yaraları alıblar və onların müalicəsinə başlanılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub, festivalın keçirildiyi ərazi boşaldılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Silahlı hücumu törədən şübhəlinin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.

Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson bildirib ki, yerli polisə dəstək məqsədilə ştat patrulunun xüsusi təyinatlı bölmələri hadisə yerinə göndərilib.

"Dualarım həlak olanların ailələri və insanların təhlükəsizliyini təmin etmək üçün çalışan əməkdaşlarla birlikdədir", - deyə qubernator qeyd edib.

Qeyd edək ki, ilk dəfə 1982-ci ildə keçirilən və üç gün davam edən ənənəvi "Bite of Seattle" yemək festivalına hər il təxminən 350 min nəfər qatılır.

Paylaş:
69

Son xəbərlər

Gürcüstanda zəlzələ olub

25 / 07 / 2026, 18:03
Bütün xəbərlər