Prezident İlham Əliyevin Berlin səfəri: Avropanın qaz bazarı uğrunda strateji rəqabətdə qələbənin bir addımlığında
İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru
Açar tezislər:
- Prezident İlham Əliyevin Almaniya səfəri Azərbaycanın Avropanın qaz bazarı uğrunda gedən böyük strateji rəqabətdə qəti qələbəsini və prosesin geriyədönməzliyini təmin edir.
- Bakının Avropa İttifaqında 6 addıma əsaslanan enerji strategiyasının ilk 3 addımı tam icra olunub;
- İxracın artırılması üçün qalan 3 hədəf — Avropa ölkələrinin rəsmi müraciəti, infrastrukturun (TANAP/TAP) genişləndirilməsi və Avropa banklarının bu layihələrə kredit ayırmasıdır;
- Yaxın Şərq gərginliyi, LNG tədarükünün gecikməsi, Asiya ilə rəqabət və anbarların son illərin ən aşağı həddinə (Goldman Sachs proqnozu: oktyabrda 67%) enməsi fonunda Avropada qazın qiyməti 1000 kubmetr üçün 700–716 dollara yüksəlib;
- Berlinin Tam Dəstəyi: Kansler Fridrix Mertz infrastrukturun genişləndirilməsinə razılıq verərək Azərbaycanı xüsusilə Cənubi Almaniyanın enerji təhlükəsizliyi üçün ən cəlbedici tərəfdaş adlandırıb;
- Azərbaycanın bu böyük uğurları həm kommersiya, həm də geosiyasi rəqibləri Bakıya qarşı təzyiqləri artırmağa tətikləyir;
- Re-eksport perspektivi: Avropa bazarında möhkəmlənmək gələcəkdə regionun digər ölkələrinin qaz ehtiyatlarının da Azərbaycan vasitəsilə Avropaya re-eksport edilməsinə hüquqi və texniki şərait yaradır.
Azərbaycanın 2022-ci ildən başlayaraq intensivləşdirdiyi Avropanın qaz bazarında strateji mövqelərə sahiblənmək siyasəti artıq finiş xəttinə çıxıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya reallaşdırdığı rəsmi səfər, Avropanın qaz bazarı uğrunda gedən qlobal strateji rəqabətdə ölkəmizin finiş xəttinə çıxışını təmin edən tarixi bir hadisəyə çevrildi.
Yeri gəlmişkən, artıq Azərbaycanla strateji tərəfdaşlıq yoluna qədəm qoyan Almaniya 2024-cü ilin oktyabrı və 2025-ci ilin iyulunda Azərbaycanın neft-qaz layihələrində əsas strateji tərəfdaşı olan Böyük Britaniya ilə İkinci dünya müharibəsindən bəri ilk dəfə olaraq ikitərəfli təhlükəsizlik müqavilələri imzalayıb və Avropanın təhlükəsizliyinin iki aparıcı sütununa çevriliblər.
Dünyada cərəyan edən mürəkkəb geosiyasi şəraiti milli maraqlar çərçivəsində böyük məharətlə idarə edən dövlət başçısı, planetin ən böyük enerji bazarında Azərbaycanın uzunmüddətli və sarsılmaz mövqeyini rəsmiləşdirir. Bu yolda atılmalı olan altı mühüm addımdan beşi artıq uğurla geridə qalıb.
Bakının Avropa qaz bazarı strategiyası: “altı addım” formulu
Azərbaycanın Avropa İttifaqının (Aİ) enerji bazarındakı fəaliyyəti kor-təbii deyil, dəqiq hesablanmış kommersiya iqtisadi strategiyaya əsaslanır. Bu strategiyanın əsas sütunlarını beş mühüm prinsip təşkil edir:
1. Avropanın daha çox ölkəsinin təchizat şəbəkəsinə cəlb edilməsi;
2. Ölkələrlə daha uzunmüddətli müqavilələrin imzalanması;
3. Daha böyük həcmdə mavi yanacağın nəqli;
4. Hamı üçün sərfəli kommersiya şərtlərinin təmin olunması;
5. Gələcək naminə genişləndirilmiş və şaxələndirilmiş infrastrukturun qurulması;
6. Avropa banklarının infrastrukturun genişləndirilməsinə cəlb olunması.
Bu strategiyanın real nəticəsi olaraq, Azərbaycan addım-addım irəliləyərək artıq ilk 3 mühüm hədəfə tam nail olub:
- Birincisi, Azərbaycan rəsmən Avropanın etibarlı strateji enerji tərəfdaşı kimi tanınır.
- İkincisi, interkonnektorlar şəbəkəsi vasitəsilə Azərbaycan qazı bu gün qoca qitənin 10 ölkəsinə uğurla nəql edilir.
- Üçüncüsü, Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniya ilə 10 illik müddətə qaz təchizatı müqaviləsi imzalanıb.
Berlin və Bakı arasında 10 illik körpü
Azərbaycan qazının Avropaya nəql edilən həcminin 2027-ci ilə qədər ikiqat artırılması 18 iyul 2022-ci il tarixində Bakıda imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunmuş Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” ilə rəsmiləşdirilib. İndi bu anlaşmanın konkret ölkələrlə ikitərəfli qaydada reallaşdırılması prosesi gedir.
Prezident İlham Əliyevin rəsmi bəyanatında qeyd etdiyi kimi, Almaniya şirkətləri ilə imzalanan 10 illik kontrakt çərçivəsində ilkin nəql həcmi 1,5 milyard kubmetr təşkil edir. Lakin bu rəqəm son hədd deyil və ixracın böyük dərəcədə artırılması tamamilə realdır. Bunun üçün Prezident İlham Əliyev növbəti dövr üçün 3 addımdan ibarət aydın yol xəritəsi təklif edir: 1) qaz idxalının artırılması barədə rəsmi müraciətin olunması, 2) mövcud infrastrukturun genişləndirilməsi və 3) "yaşıl gündəlik" nəzərə alınmaqla Avropa banklarının bu layihələrə maliyyə ayırması.
Belə görünür ki, Almaniya tərəfi də bu reallığı tam qəbul edir. Kansler Fridrix Mertsin səfər çərçivəsindəki bəyanatları Berlinin bu məsələdə son dərəcədə maraqlı olduğunu nümayiş etdirdi. Kansler Azərbaycanın öz daxili tələbatından qat-qat çox enerji istehsal edən unikal bir region ölkəsi olduğunu vurğulayaraq bildirib: "Almaniyanın qaz idxalının şaxələndirilməsində böyük marağı var. Azərbaycan Almaniyanın enerji təhlükəsizliyində, xüsusən də infrastrukturun artıq inkişaf etdiyi Cənubi Almaniya bölgəsinin təchizatında bizim üçün ən cəlbedici tərəfdaşdır."
Kansler Mertsin bu mövqeyi göstərir ki, strategiyanın 4-cü və 5-ci addımları (idxalın artırılması istəyi və infrastrukturun genişləndirilməsinə razılıq) üzrə ilkin konsensus artıq əldə olunub. İndi prosesin tamamilə geriyədönməz xarakter alması üçün yeganə sonuncu addım — Avropa banklarının qaz nəqli sistemlərinin genişləndirilməsi üçün kredit xətləri açması qalır.
Yeri gəlmişkən, 2025-ci ilin aprelində Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycandan daha çox qaz idxal etmək üçün infrastrukturun genişləndirilməsi üçün Avropanın da çalışmalı olduğunu demişdi: “…burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.”
Bakıda imzalanan Strateji Enerji Memorandumu zamanı Fon der Leyen rəsmən bildirmişdi:"Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bir neçə il ərzində bu marşrutla nəql edilən qazın həcmini illik 20 milyard kubmetrə çatdıracağıq”.
Bütün bunlar belə deməyə əsas verir ki, kəmərlərin gücünün artırılması üçün Avropa banklarından kreditlərin cəlb edilməsi məsələsi artıq Aİ və Almaniya rəsmilərinin (həm Prezident, həm də Kansler səviyyəsində) rəsmi gündəliyinə və ortaq iqtisadi hədəflərinə daxil edilib.
Prezident İlham Əliyevin bu strateji enerji siyasətinin həlledici addımlarının atılması üçün etdiyi Berlin səfərinin vaxtı da dəqiq seçilib və qlobal şərtlər bu kommersiya planlarının lehinə işləyir.
İyulun son günlərinə olan məlumata görə, "Brent" nefti 92–93 dollar ətrafında ticarət olunur. Lakin ötən həftələrdə gərginliyin pik vaxtı qiymətlər 101 dollardan yuxarı qalxmışdı. Alternativ marşrut kimi Novorossiysk limanındakı fasilələr səbəbindən Xəzər Boru Konsorsiumunun fəaliyyətinin məhdudlaşması bazarda xam neft qıtlığı qorxusunu artırıb. Neft və qazın eyni vaxtda bahalaşması qlobal iqtisadiyyatda inflyasiya təzyiqlərini yenidən gündəmə gətirir
Neftlə paralel qaz böhranı: Qiymətlər pik həddə çatır
Bakı və Berlin arasında bu strateji yaxınlaşmanın baş verdiyi dövrdə Avropanın daxili enerji bazarında ciddi gərginlik yaşanmaqdadır. Qitədə təbii qazın qiyməti kəskin artaraq 1000 kubmetr üçün 700–716 dollara (və ya 1 MWh üçün 60–62 avrodan yuxarı) yüksəlib. Bu vəziyyət qarşıdakı qış mövsümündə qaz qıtlığı və qiymət artımı riskini maksimuma çatdırır. Qiymət artımının arxasında duran əsas səbəblər isə qlobal xarakter daşıyır:
- Hörmüz boğazında və bölgədə yaranan geosiyasi maneələr Körfəzdən gələn mayeləşdirilmiş qaz (LNG) tədarükünü ciddi şəkildə ləngidib.
- Qitədəki yeraltı qaz anbarlarının doluluq nisbəti son illərin ən aşağı hədlərinə enib və proses çox ləng gedir. "Goldman Sachs"ın xəbərdarlığına görə, oktyabr ayının sonuna qədər anbarların cəmi 67 faiz dolacağı proqnozlaşdırılır.
- Qiymətlərin artmasına qlobal rəqabət də təsir edir. Beləki, Asiya ölkələrinin qaz üçün daha yüksək qiymət təklif etməsi LNG tankerlərinin Avropadan yayınaraq Şərq istiqamətinə yönəlməsinə səbəb olur.
Qazın bu cür sürətlə bahalaşması həm ev təsərrüfatlarının, həm də sənaye müəssisələrinin xərclərini kəskin artıraraq Avropa iqtisadiyyatını çıxılmaz vəziyyətə salır. Məhz belə bir böhran fonunda Azərbaycanın boru kəməri qazı Avropa üçün yeganə stabil və proqnozlaşdırıla bilən qurtuluş yoluna çevrilir.
Azərbaycanın geosiyasi üstünlüyü
Azərbaycanın enerji diplomatiyasının uğurları həm də dünyada baş verən köklü tektonik dəyişikliklərlə üst-üstə düşür. Hörmüz və Bab el-Mandəb boğazlarındakı hərbi-siyasi gərginlik, eləcə də bu risklərin gələcəkdə Malakka boğazı və Cənubi Çin dənizinə yayılma ehtimalı qlobal ticarət yollarını iflic edir. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi atəşkəs əsasında dayansa belə, sanksiyaların ləğvi və köhnə enerji əlaqələrinin bərpası onilliklər apara bilər.
Məhz belə bir şəraitdə Cənub Qaz Dəhlizinin (TANAP və TAP) texniki potensialının gücləndirilməsi Avropa üçün həyati əhəmiyyət kəsb edir. Yaranmış bazar konyukturası Azərbaycana Avropa bazarında həm coğrafi, həm də iqtisadi-kommersiya baxımından dərininə kök salmaq imkanı verir.
Gələcəyin re-eksport mərkəzi
Azərbaycanın Avropa bazarında daha böyük həcmlərlə və uzunmüddətli müqavilələrlə möhkəmlənməsi təkcə bu günün qazancı deyil, həm də gələcəyin nəhəng geosiyasi dividendidir. Avropanın qaz arxitekturasında Bakının rolunun artması, gələcəkdə regionun digər zəngin ölkələrinin qaz ehtiyatlarının da Azərbaycan vasitəsilə Avropaya re-eksport edilməsinə imkan yaradacaq. Bu isə ölkəmizi regional enerji mərkəzindən qlobal miqyaslı strateji qovşağa çevirir.
Prezident İlham Əliyevin Berlin səfəri bir daha sübut etdi ki, Azərbaycan qaz bazarı uğrunda gedən böyük çarpışmada növbəti parlaq geosiyasi və iqtisadi qələbənin bir addımlığındadır.
Rəqiblərin reaksiyası: Geosiyasi təzyiqlər və hibrid hücumlar
Dünyanın ən böyük enerji bazarında mövqe qazanmaq heç vaxt müqavimətsiz baş vermir.
Təbii ki, Azərbaycanın belə bir iqtisadi-kommersiya uğurunun bir addımlığında olması həm kommersiya, həm də geosiyasi rəqiblərin ölkəmizə qarşı hücumlarını tətikləyir.
Məsələn, AŞPA və Avropa Parlamentinin (AP) Azərbaycana qarşı siyasi təzyiqlərinin arxasında iqtisadi maraqların və qaz ticarətində daha əlverişli şərtlər əldə etmək cəhdinin dayanması səbəblərdən biridir. Siyasi təzyiqlər çox vaxt kommersiya danışıqlarında rəsmi Bakının mövqeyini zəiflətmək və qiymət diqtə etmək üçün bir alət (rəqabət rıçaqı) kimi istifadə olunub və olunur. Amma, artıq Azərbaycanın Avropada müttəfiq və strateji tərəfdaşları rəqiblərindən xeyli güclüdür və bu baxımdan qüvvələr nisbəti bizim xeyrimizə ciddi şəkildə dəyişib.
Bu təzyiqlər özünü informasiya müharibəsi, yaşıl bəhanələr, süni regional gərginliklər kimi müxtəlif formalarda büruzə verir və verəcək. Beynəlxalq mediada və müəyyən siyasi platformalarda Azərbaycana qarşı qərəzli kampaniyalar, ölkənin imicinə zərbə vurmaq cəhdləri özünü göstərməkdədir.
Lakin rəsmi Bakının nümayiş etdirdiyi qətiyyətli və balanslaşdırılmış xarici siyasət, həmçinin Avropanın bu gün mavi yanacağa olan kəskin və alternativsiz ehtiyacı bu cür hibrid hücumların təsirini minimuma endirir.
Bu, Prezident İlham Əliyevin 2022-ci ildən başlayaraq yürütdüyü enerji diplomatiyasının kulminasiya nöqtələrindən biri, strategiyanın başa çatdırılması mərhələsidir və həm kommersiya, həm də geosiyasi rəqiblərin təzyiqlərini neytrallaşdıraraq Azərbaycanı hədəfə doğru aparır.






