Ülvi Mansurov: Logistika layihələri Azərbaycanın investisiya imkanlarını genişləndirir | 1news.az | Xəbərlər
Siyasət

Ülvi Mansurov: Logistika layihələri Azərbaycanın investisiya imkanlarını genişləndirir

Qafar Ağayev15:23 - Bu gün
Ülvi Mansurov: Logistika layihələri Azərbaycanın investisiya imkanlarını genişləndirir

“Azərbaycanın qeyri-neft sektorunun inkişafı və logistika layihələri investisiya cəlbediciliyini artırır”.

1news.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı uzun illər neft-qaz sektoru ilə sıx bağlı olsa da, son onillikdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu dövrdə dövlət tərəfindən infrastrukturun genişləndirilməsi, sənaye parklarının yaradılması, eləcə də azad iqtisadi zonaların – o cümlədən Ələt Azad İqtisadi Zonası kimi layihələrin həyata keçirilməsi iqtisadiyyatın şaxələndirilməsinə xidmət edib.

Ü.Mansurov qeyd edib ki, həyata keçirilən islahatlar və investisiya layihələri Azərbaycanı bilik və xidmətlər iqtisadiyyatına doğru istiqamətləndirir.

O əlavə edib ki, ölkədə logistika şəbəkələrinin, xüsusilə Şimal dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır.

Fond sədri vurğulayıb ki, son illərdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə bir sıra tənzimləyici dəyişikliklər həyata keçirilib, həm yerli, həm də xarici investorların fəaliyyətini stimullaşdıran mexanizmlər tətbiq olunub.

“Dövlət tərəfindən subsidiyalar, güzəştli kreditlər və müxtəlif maliyyə dəstək alətləri vasitəsilə sahibkarlığın inkişafı təşviq edilir. Əsas məqsəd təkcə maliyyə dəstəyi deyil, həm də dayanıqlı infrastrukturun və əlverişli normativ-hüquqi mühitin formalaşdırılmasıdır”, – deyə o əlavə edib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər